Azərbaycanın siyasəti ondan ibarətdir ki, öz ərazisində hər hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bütün bunların heç biri baş verməyəcək.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Azərbaycan heç bir halda buna dözüm göstərməyəcək. Onların yalançı humanitar şou və demonstrasiyalarının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini, xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma, qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir. Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam-Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirilməsi təmin olunub, siz də görürsünüz. Onlar yenə də rasizm siyasətinin bariz nümunəsi olaraq, bu məmulatların qəbul edilməsinə qarşı çıxırlar. Bu da o deməkdir ki, burada məqsəd reinteqrasiyaya yox demək, qanunsuz statusu saxlamaq və proseslərdən siyasi manipulyasiya məqsədilə istifadə etməkdir”, - əlavə edib.