Sentyabrın 6-da Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi general-mayor Soner Oruçoğlu müdafiə naziri general-polkovnik Zakir Həsənova  təqdim olunub.
 
Qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi  hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. 
 
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə məlumat verib.
 
General-polkovnik Z.Həsənov general-mayor S.Oruçoğluya Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor S.Oruçoğlu ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Hərbi attaşe Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. 
 
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin edilən hərbi attaşesi müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov ilə də görüşüb.

Baxış sayı: 5993 | Tarix: 06.09.2023
Bizi Telegramda izləyin: @repostaz