Afrikadan qovulan Fransa Cənubi Qafqazda vəziyyəti “nizama salmağa” çalışır. Elə bu səbəbdən də Ermənistanın “böyük bacısı” kimi tanınan Fransa ilə Azərbaycan arasındakı münasibətlər son dərəcə gərgindir. Fransa bütün mümkün vasitələrlə müxtəlif platformalarda Azərbaycana təzyiq göstərir. Rəsmi Bakı isə bu təzyiqlərə səbirlə sinə gərir.
“Qarabağda humanitar fəlakət”dən danışan Emmanuel Makron hökuməti ötən ay BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamənin qəbul olunmasına çalışdı. Baş tutmadı. Ermənistan buna görə ABŞ-ı ittiham etdi. Əlbəttə, bu, səbəbsiz deyildi. Bu məsələyə aşağıda daha ətraflı toxunacağıq...
Bu ayın əvvəlində isə Laçına doğru hərəkət edəcək “humanitar karvan”ı Paris, Marsel və Strasburqun merləri şəxsən müşayiət etdi. “Fransız karvanının” önümdə gələn Parisin meri madam Ann İdalqo Laçın buraxılış-keçid məntəqəsinin yaxınlığında göründü. Gurultulu bəyanatlar səsləndirdi. Ancaq Fransadan gələn karvan 3-4 gün oralarda baş girələyəndən sonra çıxıb getməli oldu. Bu, Fransanın reputasiyasına vurulmuş ciddi zərbə idi...
Azərbaycan balaca ölkədir. Ancaq Fransaya qarşı var gücü ilə dirəniş göstərir. Bəs bu dirəniş Azərbaycanı təhlükəyə sürükləmir ki? Dünyada mövcud olan siyasi reallıq belədir ki, Azərbaycanın Fransaya heç bir məsələdə güzəştə getməməsi, rəsmi Bakıya əlavə dividentlər qazandırır. Niyə? Çünki Azərbaycan rəhbərliyi yaxşı bilir ki, Fransanı Afrikadan kim və niyə qovur.
“Fransanı Afrikadan kim və niyə qovur” sualına Azərbaycan vətəndaşlarının da dəqiq cavabı olmalıdır. Bu məqalə elə bu məsələyə aydınlıq gətirmək üçün qələmə alınıb.
Əvvəllər frankafon Qərbi Afrika kimi tanınan ərazilər Fransanın nəzarətindən çıxır. Özü də bu proses sürətlə gedir. İyulun 23-də Nigerdə növbəti hərbi çevriliş baş verdi. Emmanuel Makron hökumətinin arxasında dayandığı Niger prezidenti Mohamed Bazoum general Abdourahamane Tiani tərəfindən devrildi. Ən önəmlisi odur ki, bu çevriliş xalq tərəfindən rəğbətlə qarşılandı.
Hazırda Nigerdə hərbi xunta iqtidardadır. O da bəllidir ki, hərbi xuntanın rəhbərliyində olan ən azı 5 general Pentaqonun “adamı”dır. General Abdourahamane Tiani xuntaya rəhbərlik edir. O, ABŞ Müdafiə Nazirliyinə bağlı universitetlərdə təhsil alıb. General Barmou də eyni yolu keçib. Maraqlıdır ki, “The Wall Street Journal” general Barmou və onun komandasını öz oxucularına “the good guys” (yaxşı oğlanlar) kimi təqdim edib. ABŞ Dövlət Katibinin müavini yəhudi əsilli Viktoriya Nuland çıxışlarının birində general Barmou-ya işarə edərək belə deyib: “Nigerdəki hərbi çevrilişinin mərkəzində Amerikanın sevimli generallarından biri dayanır”.
Başqa bir çıxışında isə bu məsələyə bir daha vurğu vurur: “General Tiani, keçmiş polkovnik Barmou, uzun illər ərzində ABŞ Xüsusi Qüvvələri ilə çox sıx əməkdaşlıq etmiş birisidir”.
Gördüyünüz kimi, həm general A. Tiani, həm də briqada generalı Barmou hərbi profilinə və keçmişinə görə “Amerikanın dostları” sırasında yer alır.
Görünən odur ki, ABŞ və Fransa arasında bir qarşıdurma var, Qərb mediası bu qarşıdurmanın olmasını etiraf etməyə meylli deyil.
Onu da deyim ki, ABŞ-la Fransa arasındakı qarşıdurma xeyli əvvəl-2021-ci ilin sentyabrında anqlo-sakson dünyasının 3 ən böyük dövləti ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən AUKUS adlandırılan hərbi pakt imzalanması ilə üzə çıxdı. Bu pakt dünya nizamını önəmli şəkildə dəyişdi.
2016-cı ildə Fransanın “Naval Group” şirkəti tərəfindən Avstraliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 12 ədəd sualtı gəminin inşasını nəzərdə tutan müqavilə imzalanmışdı. Fransa mediasında “Əsrin müqaviləsi” adlandırılan razılaşmanın ümumi dəyəri 66 milyard ABŞ dolları idi. Avstraliya bu müqavilədən imtina etdi. Rəsmi Paris AUKUS paktını Fransanı “arxadan bıçaqlamaq”da suçladı. ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı. Məhz bu olaydan sonra anqlo-sakson dünyası ilə Fransa arasında mövcud olan ziddiyyətlər daha da dərinləşdi...
Əslində indi Qərbi Afrikada Fransanın hegemonluğuna qarşı baş verən çevrilişlər həmin prosesin davamıdır.
Ümumiyyətlə, Amerika ona bağlı olan generalları iqtidara gətirməyi sevir. Məsələn, 2014-cü ildə Afrikanın ən güclü ölkəsi sayılan Misirdə xalqın prezident seçdiyi Məhəmməd Morsini Amerikaya bağlı general Əbdül Fəttah əs-Sisi əvəz etdi. Təbii ki, hərbi çevriliş yolu ilə o, iqtidara gəldi. Generalın zindan saldığı “Müsəlman Qardaşları” təşkilatına yaxın olan Məhəmməd Mursi 2019-cu ildə Qahirədəki həbsxanada dünyasını dəyişdi...
Bəli, rəsmi Vaşinqtonun əsas hədəfi Fransanı Afrikadan qovmaqdır. Aydındır ki, Amerika bu niyyətini heç vaxt dilə gətirmir. Ancaq bu, məhz belədir. Amerika 2021-2023-cü ildə Qərbi Afrikadakı 4 frankafon ölkədə hərbi çevriliş həyata keçirib.
1) Mali: 24 may 2021-ci il, polkovnik Assimi Qoita
2) Qvineya: 5 sentyabr 2021-ci il, Komandir Mamady Doumbouya
3) Burkina Faso: 30 sentyabr 2022. Kapitan İbrahim Traore
4) Niger: 26 iyul 2023-cü il, General Abdurahamane Tiani
Sıraladığım ölkələrdəki hərbi çevrilişlərin rəhbərlərinin hamısı Amerikaya bağlıdır. Hətta iş o yerə çatıb ki, Mamady Doumbouya bəyan edib ki, Qvineya üçün “Ruanda modeli” seçilməlidir. Bu, nə deməkdir? Ruandada əhalinin 84 faizini təşkil edən Hutular ilə 15 faizini təşkil edən Tutsilər arasında vətəndaş müharibəsi törətdi. Fransanın hiyləgər siyasəti nəticəsində soyqırım baş verdi. 1 milyona yaxın insan öldürüldü. Ruandada Fransaya nifrət o həddə yüksəldi ki, dövlət dili olan fransız dili Ruanda yasaq elan olundu. Bu dildən rəsmən imtina edildi və Ruanda könüllü şəkildə ingilisdilli ölkəyə çevrildi. İndi Qvineya da eyni siyasəti yeritməyə üstünlük verir. Yəni frankafon Afrika təkcə Fransa müstəmləkəçiliyindən yox, həm də fransız dilindən, mədəniyyətindən imtina edir...
Onu da deyim ki, Mali, Qvineya və Burkino Faso bəyan edib ki, Fransa Nigerə hərbi müdaxilə etsə, onlar Nigerə hərbi dəstək verəcəklər. Niger Fransa üçün xüsusi önəm daşıyırdı. Çünki Fransa uranı bu ölkədən su qiymətinə daşıyıb aparırdı...
Afrikada gedən anti-Fransa prosesini ingilisdilli mətbuat “French Decolonization” və ya “Paris out of Africa” (Fransa müstəmləkələrinin de-kolonizasiyası və ya rəsmi Parisin Afrikadan çıxarılması) adlandırır.
İtaliyanın baş naziri xanım Giorgia Meloni öz çıxışlarının birində belə deyir: “Fransa kasıb Afrika ölkələrini istismar etməyə davam edir”. Avropanın yaşadığı mühacir axını haqqında danışarkən o belə söyləyir: “Problemin həll yolu afrikalıları götürüb Avropaya gətirməkdə deyil, problemin həll yolu Afrikanı onu istismar edən bəzi avropalılardan azad etməkdir”. “Bəzi avropalılar” deyəndə baş nazir məhz Emmanuel Makron və onun kimiləri nəzərdə tutur. Hətta bəzi jurnalistlər söhbətin birmənalı olaraq Emmanuel Makrondan getdiyini bildirirdilər...
Burada bir önəmli məqam da var. Amerika Fransanı Afrikadan qovmaqla həm də dolların əhatə dairəsini genişləndirir. Belə ki, Mərkəzi və Qərbi Afrikanın Fransaya bağlı ölkələri pul vahidi olaraq CFA frankından istifadə edir. Bu pul vahidi Fransaya məxsusdur və Fransanın 10-dan çox ölkədə hegemonluğunu şərtləndirirdi. Təbii ki, Fransa Afrikadan qovulanda CFA frankı da dövriyyədən çıxacaq. Onun yerini isə Amerika dolları tutacaq...
Yuxarıda vurğuladıq ki, BMT Təhlükəsizlik Şurasında Fransa Azərbaycanın əleyhinə qətnamə qəbul etdirə bilmədi. Ermənistan buna görə ABŞ-ı ittiham etdi. Gördüyünüz kimi, Ermənistan nə dediyinin fərqindədir. Həqiqətən də məhz Amerika Fransanı BMT-də məyus etdi. Özü də əlavə səs-küy salmadan...
Azərbaycan anqlo-sakson birliyinin yanındadır. Bu, yeganə düzgün yoldur. Rusiyadan yarımayan Ermənistanın indi də tələsik şəkildə Fransaya üz tutması isə yanlış yoldur və Ermənistana heç də “parlaq gələcək” vəd etmir...
Elbəyi Həsənli, Sürix