Anna Akopyanın sentyabrın 6-da Kiyevdə keçirilən Birinci xanımların və centlemenlərin üçüncü sammitində iştirak etməsi öz ölkəsi kimi, digər ölkələrdə, o cümlədən Azərbaycanda da birmənalı qarşılanmadı. Akopyanın Paşinyanla birgə atdığı bir çox addımlarda qeyri-səmimiliyi çoxdan bilinən fakt olduğundan Azərbaycan və azərbaycanlılarda bu dəfə daha çox Ukrayna tərəfinin mövqeyi təəccüb və təəssüf doğurdu.
Ən təəccüb doğuran hal isə Ukraynanın müharibə apardığı, təcavüzkar saydığı Rusiyanın ən yaxın müttəfiqi, strateji tərəfdaşı, necə deyərlər, yediyi-içdiyi ayrı olmayan Ermənistanı bu tədbirə dəvət etməsi idi. Sammitdə Prezident Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın dəvəti əsasında Rusiyanın müttəfiqi Ermənistanın birinci xanımının da iştirakı suallar doğurmaya bilməzdi.
Ermənistan faktiki mövcudluğunu Rusiyaya borclu olduğunu bilməyən yoxdur. Elə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarovanın bu gün Ermənistanda keçirilən Ermənistan-Rusiya mediaforumuna müraciətində Rusiyanın sosial, iqtisadi, mədəni, hərbi və s. digər sahələrdə Ermənistanın həyatında hansı rola malik olduğunu görmək olar.
Ermənistan KTMT-da və Avrasiya İqtisadi İttifaqında Rusiya ilə müttəfiqdir, Rusiyanın Ermənistanda hərbi bazası yerləşir, Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır və c. Bir sözlə, obrazlı deyilsə, “Ermənistan Rusiyadır”.
Belə bir ölkənin birinci xanımını Kiyevə dəvət etmək hansı məntiqə sığır?
Akopyanın Kiyevə gedərkən özü ilə humanitar yardım apardığı barədə də informasiyalar yayılır. Məsələ odur ki, artıq il yarımdan çoxdur, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu müddət ərzində Ermənistan heç bir platformada bir dəfə də olsun Ukraynaya açıq dəstək nümayiş etdirməyib. Ukraynaya ilk humanitar yardımı da indi göndərir.
Azərbaycan isə Rusiya-Ukrayna müharibəsində öz mövqeyini ilk gündən ortaya qoyub. İstər dövlət rəhbəri səviyyəsində, istərsə də digər platformalarda Ukraynanın ərazi bütövlüyünə daim dəstək nümayiş etdirilib. Azərbaycan müharibənin ilk gülərindən Ukraynaya humanitar yardımlarını da əsirgəməyib.
Azərbaycanın müharibə başlayandan Ukraynaya göndərdiyi yardım siyahısı xeyli uzundur. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər.
Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.
Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə bu il aprelin 21-də ümumi çəkisi 170 tondan artıq olan 3.37 milyon manatlıq dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları yola salınıb.
Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu il iyunun 9-da Ukraynaya növbəti humanitar yardım göndərilib.
Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkcə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.
Elə bu il iyulun 17-də Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 7,6 milyon dollar (manat ekvivalentində) vəsait ayrılması barədə sərəncam imzalayıb.
Bundan əlavə, Azərbaycan müharibə başlayandan Ukraynaya tonlarla yanacaq göndərib, SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri xüsusi təyinatlı avtomobilləri yanacaqla təmənnasız təmin edib. Ukraynada müharibədən əziyyət çəkən uşaqların bir qrupu Azərbaycana gətirilib, onlar üçün düşərgələr, gəzintilər təşkil edilib.
Bunun qarşılığında Ukraynanın birinci xanımı Azərbaycanla faktiki müharibə vəziyyətində olan Ermənistanın birinci xanımını hörmətli qonaq kimi dəvət edir, qarşılayır, ona minnətdarlıq dolu sözlər söyləyir.
44 günlük Vətən müharibəsi dövründə Ukraynadan Azərbaycana heç bir dəstək, humanitar yardım göstərilməyib. Azərbaycanın buna ehtiyacı olmasa belə, rəsmi Kiyev heç cəhd də etməyib. Bəzən Ukrayna rəsmiləri adi bəyanat belə verməkdən çəkiniblər. Beynəlxalq hüquq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıdığı halda, Ukrayna rəsmiləri bunu dilə gətirməkdən ehtiyat ediblər.
Ümumiyyətlə, 2014-cü ilə - Krımın Rusiya tərəfindən ilhaqına qədər Ukrayna heç bir platformada Qarabağ məsələsində Azərbaycanın mövqeyini birmənalı müdafiə etməyib. Yalnız özü işğala məruz qalandan, Azərbaycanın uzun illər ərzində üzləşdiyi təcavüzü özü yaşayandan sonra mövqeyində nisbətən korrektələr edib. Hətta onu belə sona qədər etməyib. Bu gün belə ukraynalı rəsmilərin, ekspertlərin, siyasətçilərin Qarabağ məsələsində qeyri-obyektiv yanaşmasını görmək mümkündür.
Ermənistanın Laçın yolunun guya bağlı olması və Xankəndiyə humanitar yüklərin çatdırılmasının qeyri-mümkünlüyü ilə bağlı başlatdığı şouya digər ölkələr kimi, Ukrayna səfirini də alət etməsi belə faktlardan sadəcə biridir. İyulun sonlarında Ermənistan Xarici İşlər Nazirliyi ölkədəki səfirləri toplayaraq Azərbaycanın Laçın rayonu ilə sərhədinə gətirdi, yolun guya bağlı olmasını göstərmək üçün orada gözləyən yük avtomobillərini müşahidə etdirdi. Həmin diplomatların arasında Ukraynanın Ermənistandakı səfiri Aleksandr Sençenkonu görmək həqiqətən də utancverici idi. Ukrayna səfiri hər halda Ermənistan XİN-in “humanitar böhran” şousuna özbaşına qatıla bilməzdi, bu addım Kiyevlə razılaşdırılaraq atılmışdı. Kiyevin bu hərəkətinin arxasında hansı məqsədin dayandığını isə Anna Akopyanın sammitə dəvət edilməsi göstərdi.
Ukrayna və onun rəhbərliyi Ermənistanın indiyə qədər atdığı addımları, özünün bir nömrəli düşməni saydığı Rusiya ilə münasibətlərini nəzərə almırsa, bu onun problemidir. Anna Akopyanın Ukraynaya dəvət edilməsi, həmin tədbirdə ona çıxış imkanı verilməsi Azərbaycana qarşı xoş olmayan münasibət olmaqla yanaşı, həm də Ukraynanın öz maraqlarına ziddir.
Bu tədbirə Azərbaycanın birinci xanımı da dəvət edilib, lakin getməkdən imtina edib. Zaman göstərdi ki, Azərbaycanın birinci xanımının qərarı nə qədər doğru olub.
Ukrayna atdığı addımların Azərbaycanla münasibətlərə xələl gətirəcəyini fərqində olmalıdır. Ukraynanın Azərbaycanla münasibətlərdə daha dürüst olmasına ehtiyac var.
Kiyev unutmamalıdır ki, Bakı hər zaman dosta dost, düşmənə düşmən kimi davranıb. Bu gün dünyanın bəlasına çevrilmiş ikili standartları Ukraynanın timsalında da görmək heç xoş deyil və bundan daha çox Kiyev özü ziyan çəkəcək.
APA Analytics