Azərbaycanın yaxın günlərdə hərbi zərbələr endirəcəyi barədə yayılan xəbərlər psixoloji basqı üçün idisə demək olar hədəfinə çatıb.
Artıq İrəvanda hökumətə yaxın qüvvələr Xankəndiyə açıq-aydın mesajlar yollayırlar ki, Azərbaycanla dil tapın, onları bizim üstümüzə qaldırmayın. Həm siz ziyan çəkəcəksiniz, həm də biz.
Bu mənbələrin və ekspertlərin dediyindən belə çıxır ki, Qarabağlı ermənilər müdrik olsalar ən azı Ermənistanı fəlakətdən qurtara bilərlər.
Xankəndidə də Ağdam-Xankəndi yolunu açmaq və Azərbaycanla dil tapmaq əsas siyasi proqrama çevrilib. Arayik Arutunyanın yerinə göz dikən, bir-biriylə dava edən namizədlərin hər ikisi bu yolu açacaqlarını deyiblər. Bu “post” uğrunda dava edən iddiaçılardan birini kənarda qoydular. Samvel Babayanı. O isə sakitləşənə oxşamır.
Bakının hər hansı prezident-filan tanımayacağını nəzərə alsaq gerçəklikdə Samvel Babayanın Bakı ilə danışıqlarda iştirak ehtimalı Şahramanyandan daha artıq ola bilər.
Nikol Paşinyan tərədarlarının və hətta onu tənqid edənlərin belə ümumi rəyi budur ki, Ermənistan və Xankəndi erməniləri ağıllı və yolagələn olmasalar savaşdan qaça bilməyəcəklər.
Rəsmi İrəvan üstəlik, Xankəndi ermənilərinin taleyinin onların özündən asılı olduğu fikrini yeritməklə mümkün böhran zamanı məsuliyyəti onların özünün üzərinə qoymağa hazırlaşır həm də.