Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər.
Bəyanatda deyilir:
“44 günlük Vətən müharibəsində qəhrəman Ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir.
Üçtərəfli bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir. Bu müddət ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkmiş, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olmuşdur.
Bütün bunlara dözümlü yanaşan Azərbaycan Laçın-Xankəndi, sonradan isə Ağdam-Xankəndi istiqamətində hərəkəti təmin etmiş, Azərbaycanın bölgədə yaşayan erməni sakinlərinin təhlükəsizliyi üçün daim xoşməramlı niyyətini ifadə etmişdir. Həmçinin davamlı olaraq həmin bölgədə xidmət aparan Azərbaycan ordusu tərəfindən erməni sakinlərə baş verə biləcək hərbi əməliyyatlar zamanı onların təhlükəsizliklərinin Azərbaycan tərəfindən təmin olunması ilə bağlı məlumatlar verilmişdir.
Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olmuşdur. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir.
Biz, Azərbaycanın siyasi partiyaları Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına dəstəyimizi ifadə edir, qəhrəman Ordumuza Zəfər arzulayırıq!
Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi bu şərəfli işdə də həmrəyliyə, Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq.
1. Yeni Azərbaycan Partiyası
2. Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyası – sədr Fəzail Ağamalı
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa
6. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
7. Vəhdət Partiyası – sədr Tahir Kərimli
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – sədr Elşən Musayev
9. Milli Cəbhə Partiyası – sədr Razi Nurullayev
10. Haqq Ədalət Partiyası – sədr Əli İnsanov
11. Azərbaycan Xalq Partiyası – sədr Pənah Hüseyn
12. Azərbaycan Demokrat Partiyası – sədr Sərdar Cəlaloğlu
13. Ədalət Partiyası – sədr İlyas İsmayılov
14. Azərbaycan Ümid Partiyası – sədr İqbal Ağazadə
15. Klassik Xalq Cəbhəsi Partiyası– sədr Mirmahmud Fəttayev
16. “Azərbaycan Milli İstiqlal” Partiyası – sədr Arzuxan Əlizadə
17. Müasir Müsavat Partiyası – sədr Hafiz Hacıyev
18. Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev
19. “Böyük Azərbaycan” Partiyası – sədr Elşad Musayev
20. Ağ Partiyası – sədr Tural Abbaslı
21. Azad Vətən Partiyası – sədr Akif Nağı
22. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
23. Yeni Zaman Partiyası – sədr Musa Ağayev”