Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın bəyanatında bildirilib. Qeyd olunub ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç sentyabrın 25-də Gürcüstana gəlib. Qeyd olunub ki, sözügedən şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi proseslərlə əlaqəli olub, həmçinin müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər.
Vurğulanıb ki, sözügedən şəxslər aktiv şəkildə zorakı etiraz aksiyası metodları üzrə təlimlər keçiblər.
Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi də bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub.
Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən və sentyabrın 26-dan 29-dək davam etmiş dörd günlük təlimdə iştirak ediblər.
Qeyd edək ki, Gürcüstan DTX daha əvvəl sözügedən serbiyalıların saxlanıldığını açıqlayıb.