“Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib”.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.
Məlum olduğu kimi Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.