Azərbaycan Liberal Partiyası (ALP) gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.
 
Bu barədə partiya sədri Əvəz Temirxan deyib.
 
Onun sözlərinə görə, ALP “Partiyalar haqqında” yeni qanuna uyğun olaraq növbəti parlament seçkilərinədək fəaliyyətini dayandırıb.
 
Partiyanın lideri, sabiq dövlət katibi Lalə-Şövkət Hacıyevanın prezidentliyə namizədliyi məsələsinə gəlincə, Ə.Temirxan deyib ki, bu barədə təkliflər, çağırışlar olub: “Hətta Lalə xanıma vahid namizəd olmaq təklifi edilib. Onun namizəd olmasını xalqımız, ictimaiyyət nümayəndələri, fəallar, gənclər istəyirlər. Amma Lalə xanım namizəd olmaq fikrində deyil. Bunun da səbəbi ölkədəki seçki mühitidir”.
 
“Hələ 2013-cü ildə müxalifət partiyalarından Lalə xanıma vahid namizəd olması təklifi edilmişdi, amma bundan partiyamızın lidei imtina etmişdi. Yenə də səbəb eyni idi – ölkədəki seçki mühitində olan problemlər. Təəssüf ki, şərait dəyişməyib”, – Temirxan əlavə edib.
 
ALP sədri onu da bildirib ki, dünən yeni bir siyasi qurum yaradılıb: “Artıq bir sutkadır ki, “Lalə-Şövkət etalonu” Beyin Mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu platformada hər kəs fikrini deyə, onlayn müzakirələrimizə qatıla bilər. Mən prezidentliyə namizəd olacaq şəxslərin hər birini indidən yaratdığımız beyin mərkəzi platformamızda onlayn müzakirələrə çağırıram. Eyni zamanda, gələcək seçkilərdə – parlament, bələdiyyə seçkilərində namizəd olmaq istəyən fəallar, ziyalılar, gənclər “Lalə-Şövkət etalonu” Beyin Mərkəzində diskussiyalara qoşula bilərlər”.
 
Ə.Temirxan onu da bildirib ki, ALP və onun lideri Lalə-Şövkət Hacıyeva prezidentliyə namizədlərin platformasına, verdiyi sözlərə, siyasi kursuna diqqətlə baxacaq: “Lalə xanımın siyasi baxışları ilə dövlətçiliyə baxan, milli birliyin yaranmasına can atan, bunu səmimi istəyən namizədə dəstək verəcəyik. Şəxsən mən həmin namizədin vəkilliyini etməyə hazıram”.

Baxış sayı: 6183 | Tarix: 15.12.2023
Bizi Telegramda izləyin: @repostaz