Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni-4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.
 
Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çox əsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə-Zəfər Əsrinə səs veririk!
 
Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun   Xankəndi yürüşünün  davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk.
 
Mənim mənsub olduğum nəsil çətin sınaqlardan keçib. İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin  Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcəkdir. Bu işdə həmrəy olanlara qucaq açırıq. Gəlməyənlərə isə milyonlarla azərbaycanlı Albert Eynşteynin bu sözlərini deyəcək: “Bizə “yox” deyən hər kəsə minnətdarıq. Onların sayəsində hər şeyi özümüz etdik, etməli olduq. Ən yaxşı rəqabət möhtəşəm ideyalarla, uğurlarla, işlərlə yarışmaqdır! Millətimiz üçün xeyirli olsun!"

Baxış sayı: 5271 | Tarix: 16.12.2023
Bizi Telegramda izləyin: @repostaz