Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.
Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Buraya Qara şəhər adının verilməsi də təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi.
Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı.
Nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan sözün əsl mənasında möcuzəvi layihə reallaşdırılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi də artıq dünyada tanınıb. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq və yerli mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən sevimli yaşayış və gəzinti zonalarından birinə çevrilməkdədir.
Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.
Məlumat verildi ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər də yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Ağ Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları qurulub, İT kanal sistemləri çəkilib.
Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca iki mərtəbəli qeyri-yaşayış binalarından, ticarət və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.
Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycanın rəmzlərindən biridir. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan ağacları Ağ Şəhərə Qarabağdan gətirilib.
Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkdi.
Son illər Bakı Ağ Şəhər həm də bir sıra yerli və beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. Ağ şəhərin mərkəzi küçələrindən olan və inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli və xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.
Heykəltəraş Enrike Kabreranın “Böyük alma” əsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmış “Böyük alma” bu şəhərin rəmzini təcəssüm etdirməklə onun sakinləri və qonaqları arasında çox məşhurdur. Bu əsərin ikincisi isə Bakı Ağ Şəhərdə sərgilənir.
Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olan “Əjdaha” heykəli 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə görə 2024-cü ilin rəmzi əjdahadır.
Cozef Klibanskinin “Mütəfəkkir” əsəri müasir insanın texnoloji inkişaf dövrünü, ekoloji və qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanıb. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından, qədimliyin və müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edən “Gözəl Bakı” əsərini də yaradıb.
Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.
Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Yeni binaların layihələndirilməsi zamanı Ağ Şəhərin ekoloji ənənələrinə və dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq qurumların setifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi qarşıya məqsəd qoyulub. Ofis binasının birinci mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılıb.
Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur və beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. “Ağ şəhər 2020 – Biznes Mərkəzi” 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Ağ Şəhər ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan və yaşıl bina standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır.
Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.
Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmış “Lladro” şirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır və şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.
Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb.
Binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun ağacı əkilib.
Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları Meydanında yerləşəcək “Qarabağ Atları” monumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Qarabağın 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.