Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının üçüncü iclası keçirilib.
 
İclasda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, video bağlantı vasitəsi ilə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Rövşən Kazımov, digər rəsmi şəxslər iştirak edib.
 
Tədbirin açılışında çıxış edən Fərid Şəfiyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə son səfərini olduqca əlamətdar adlandırıb və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün əhəmiyyətini diqqətə çatdırıb.
 
Şəfiyevin sözlərinə görə, ölkəmizin öz ərazi bütövlüyünü təmin edəndən sonra Qarabağ regionunda görülən tikinti - yenidənqurma işlərində qardaş Qazaxıstanın də böyük rolu var.
 
BMTM rəhbəri həmçinin qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənir, ticarət dövriyyəsinin həcmi dayanmadan artır: "Bütün bunlarla yanaşı şübhəsiz ki, qardaş xalqlarımız arasında mədəni, humanitar, elm və təhsil sahələrində əlaqələr inkişaf etdirilir. Burada şübhəsiz ki, hər iki ölkə ekspertlərinin görüşlərini də xüsusi vurğulamaq lazımdır".
 
Açılış nitqinin davamı olaraq Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov qeyd edib ki, Azərbaycana hər səfəri ona böyük sevinc bəxş edir, Bakı onun üçün doğma şəhərə çevrilib.
 
Tukumov bildirib ki, hər iki ölkə rəhbərliyi gənc nəslin inkişaf etdirilməsində maraqlıdır. Qazaxıstan və Azərbaycan hər biri öz regionunun lider ölkələri olaraq böyük layihələrin həyata keçirilməsində iştirak edir. Xəzər dənizi xəritədə ölkələrimizi bir-birindən ayırırmış kimi görünməsinə baxmayaraq xalqlarımız və dövlətlərimiz arasında getdikcə daha da möhkəmlənən əlaqələr sayəsində bu dəniz ölkələrimizi birləşdirir, körpü rolunu oynayır.
Ölkələrimizin gələcəkdəki əlaqələrinin inkişaf perspektivlərindən danışan Tukumov əmin olduğunu bildirib ki, bünövrəsi indi qoyulan işlər 20-30 il sonrakı dövr ərzində daha böyük nailiyyətlər əldə etməyimiz üçün hesablanıb.
 
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel isə çıxışı zamanı bildirib ki, hazırkı iclas çox mühüm bir hadisədən - Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana dövlət səfərindən sonra təşkil edilir. Səfirin sözlərinə görə, Qazaxıstan rəhbəri öz səfərinə qiymət verib və çıxışları zamanı bir neçə dəfə vurğulayıb ki, olduqca faydalı və hərtərəfli səfər baş tutub. Diplomat əmin olduğunu bildirib ki, bu səfər də ölkələrimiz arasında əlaqələrin getdikcə möhkəmlənməsi üçün öz töhfəsini verəcək. Alim Bayel ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün görülən işlərdən danışaraq deyib ki, 2022-ci illə müqayisədə ötən il ölkələrimiz arasında yükdaşıma həcmi 65 faiz artıb. Azərbaycan vasitəsilə Qazaxıstan nefti və uranı dünya bazarlarına çıxarılır, Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi Asiya ilə Avropa arasında informasiya ötürülməsində böyük rol oynayacaq.
 
Diplomat həmçinin Qazaxıstanın qardaş Azərbaycan xalqına hədiyyəsi olan, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılığı İnkişafı Mərkəzinin açılışını da əlamətdar hadisə adlandırıb. Alim Bayel ölkəmizdə bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toxunaraq deyib ki, Qazaxıstan rəhbəri həmin tədbirdə iştirak üçün dəvət alıb və onun belə bir mötəbər tədbirdə iştirakı ölkələrarası əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq.

Baxış sayı: 5860 | Tarix: 13.03.2024
Bizi Telegramda izləyin: @repostaz