"Ötən il Azərbaycan üçün əlamətdar il olub".
 
Bunu Bakıda keçiriləcək "Parçalanmış Dünyanın Bərpası" mövzusunda XI Qlobal Bakı Forumundan əvvəl keçirilən brifinqdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib.
 
Sabiq prezident bildirib ki, Azərbaycan 30 il dondurulmuş münaqişəni həll edib, "ərazi bütövlüyünü və suverenliyini bərpa edib".
 
Brifinqdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq Vitse-Prezidenti İsmayıl Seragəldin builki Forumda müzakirə olunacaq mövzulara toxunub. Onun sözlərinə görə, konfrans çərçivəsində keçiriləcək panellərdə sülh və müharibə, pandemiya, iqlim dəyişikliyi, yeni texnologiyanın perspektivləri, süni intellekt müzakirə olunacaq: “Qlobal problemlərin qlobal həlləri olmalıdır və bu da kollektiv məsuliyyət tələb edir”.
 
O deyib ki, bu müzakirələrdə vacib şəxslər iştirak edəcək: “Forum çərçivəsində önəmli müzakirələri səbirsizliklə gözləyirəm”.
 
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev Forumun təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Bu forum qlobal nəticələr meydana çıxarır. Ötən il Azərbaycan üçün sülh ili, qələbə və həmrəylik ili olub, ədalət bərpa olunub. 2024-cü ildə də önəmli nəticələr olacağına ümid edirəm, biz əlimizdən gələni ən yaxşısını edirik. Biz dayanıqlı sülhün əldə olunması üçün, uğurlu COP29 üçün əməkdaşlığımızı davam etdirəcəyik, çünki biz ambisiyalıyıq”.
 
Serbiyanın sabiq Prezidenti Boris Tadiç isə çıxışında bildirib ki, Bakı Qlobal Forumu və buradakı müzakirələr ildən-ilə daha da vacib olur, çünki qlobal ictimaiyyət daha çox problemlərlə üzləşir: “Mən ümid edirəm ki, biz növbəti ildə daha az münaqişələrin şahidi olacağıq”.
 
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya brifinqdə deyib ki, builki forumda 5 müxtəlif ölkədən 20 gənc lider də iştirak edəcək: “Onlar rəqabətli mühitdə seçiliblər. Onlar yeni nəslinin gözləntilərini, fikirlərini çatdıracaqlar”.
 
Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa çıxışında kollektiv məsuliyyətin vacibliyini vurğulayıb. O deyib ki, müzakirələrdə beynəlxalq gündəlikdə olan məsələlərə toxunulacaq, bəşəriyyət üçün təhdid yaradan qlobal problemlər müzakirə olunacaq.
 
Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili çıxışında Bakı Qlobal Forumunun əhəmiyyəti barədə danışıb.
 
BMT Baş Assambleyasinin 73-cü Prezidenti Maria Fernanda Espinosa isə çıxışında vurğulayıb ki, bu platformada bəşəriyyət üçün təhdid mənbələri, müxtəlif regionların təmsilçiləri onları narahat edən çağırışlar barədə müzakirə aparırlar.
 
Robert F. İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi isə deyib ki, bu təşkilat Nizami Gəncəvinin sülh, çiçəklənmə və dialoqla bağlı baxışını əks etdirir.

Baxış sayı: 5879 | Tarix: 13.03.2024
Bizi Telegramda izləyin: @repostaz