Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.
 
Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.
 
Bildirilib ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.
 
Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.
 
Həmçinin qeyd olunub ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.
 
Bildirildi ki, şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.

Baxış sayı: 5556 | Tarix: 25.04.2024
Bizi Telegramda izləyin: @repostaz