Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.
 
Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib.
 
Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
 
Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.
 
Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğulayıb və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini deyib.
 
Dövlət başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğulayıb.
 
Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
 
Dövlət başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
 
Qəbula görə minnətdarlığını ifadə edən İtaliyanın müdafiə naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
 
Qonaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırlayıb.
 
Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirib.

Baxış sayı: 6050 | Tarix: 26.06.2024
Bizi Telegramda izləyin: @repostaz