Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib.
Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlət başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.