Sevdiklərinizi diriltmək şansı olsaydı, onları dirildərdinizmi? Elm adamları indi də ölən canlıları diriltmək üçün müxtəlif yollar axtarırlar. Amma bunu əvvəlcə heyvanlar üzərində təcrübədən keçirməyə başlayıblar.

Milli.Az lent.az-a istinadən dünya mediasında bu mövzuda yazılmış materiallara istinadən apardığı ümumiləşdirmələri təqdim edir.

2011-ci ildə Sibirin Tumat bölgəsində 12500 illik it cəsədləri tapılmışdı. Göl kənarında bədəni çox yaxşı qorunmuş halda tapılan köpək cəsədləri elm adamları üçün böyük əhəmiyyət kəsb edirdi.

Elm adamları min illər əvvəl donmuş köpəklərdən DNT analizi götürərək gen xəritələrini çıxarıblar. İndi də o dövrdə yaşayan it cinsinin yenidən həyata gətirilməsi planlaşdırılır. Diriltmə işləri sadəcə bu köpək üzərində davam etmir.

Krionika - kəskin aşağı temperaturda insan bədənini donduraraq xarab olmadan vakuum şəraitində mühafizə etməkdir.

Bu sahədə fəaliyyət göstərən Cryonics.org ünvanlı internet səhifəsinin girişində "gələcəyinizə xoş gəldiniz!" yazılıb. Orada insanların ölümlərindən dərhal sonra dondurularaq bu layihəyə daxil olacaqları bildirilir. Sonrakı proseslər barədə isə məlumat verilmir. Layihənin təməl məntiqi hazırda müalicəsi mümkün olmayan xəstəliklərin gələcək tibbi üsullarla sağaldılması üzərində qurulub.

Amerika Birləşmiş Ştatlarının qurucularından olan Benjamin Franklin həmin dövrün ölümü qabaqlama üzərində işlər aparan tanınmış tibb adamlarından biri olan Cek Duborqa 1773-cü ildə iki-üç sətirlik belə bir məktub yazıb: "Kaş, insanları dondurub gələcəkdə oyandıracaq bir elmi üsul olardı. Bunun sayəsində Amerikanın 100 il sonrasını bir günlük də olsa görüb, ondan sonra ölməyi rahat qəbul edərdim. Gələcəkdə elmimizin bunları da bacaracağına heç şübhəm yoxdur".

Sonradan bu yazılanlar bir xəyal olmaqdan çıxdı və dondurularaq bir növ ölümsüzlüyə qovuşmağın təcrübəsi aparılmağa başlandı.

12 yanvar 1967-ci il: Kaliforniya Universitetinin psixologiya üzrə professoru olan Ceyms Bedford Krionika İnstitutunda dondurulan ilk insan kimi tarixə düşdü. O dövr üçün krionika prosesi indiki dövrə nisbətən daha az inkişaf etmişdi. Ona görə də Bedfordun bədəni dondurulmuş vəziyyətdə saxlansa da, bəzi hüceyrələri zərər görmüşdü.

Bundan sonra krionika ilə maraqlanan elm adamları insan toxumalarına zərər verməyəcək dondurma üsulları üzərində çalışmağa başladılar. Bir neçə il ərzində daha 9 insan donduruldu. 1979-cu il isə krionika üçün faciəli il oldu. İnstitutda saxlanılan 9 bədən dəhşətli şəkildə çürümüşdü. Sonradan aydın oldu ki, Krionika İnstitutunun enerji izolyasiya sistemi 6 ildir işləmir, buna görə də soyutma sistemi tamamilə çöküb. İnstitutda yalnız ilk dondurulan insan, professor Ceyms Bedfordun bədənini xilas etmək mümkün oldu.

 

Professor Pol Siqal isə apardığı təcrübədə Miles adlı itini dondurub, yenidən diriltməyi bacarıb. Bu təcrübə dondurulmağa inanan insanlar üçün o gündən bəri böyük bir sübut hesab olunur.

1977-ci ildə qurulan "Alcor" şirkəti krionika sahəsində o gündən bu günədək lider kimi tanınır. Bununla yanaşı, bazarda daha 2-3 şirkət də var. Bu şirkətlərlə müqavilə imzalayan, ölmüş və donmuş halda gözləyən ən azı 230 insan var. Öldükdən sonra dondurulmaq üçün şirkətlə müqavilə imzalayan insanların sayı isə mindən çoxdur.

Müqavilə imzalayanlara müayinə xaricində və ya Amerika hüdudlarından kənarda ölə bilərlər deyə, öz istəkləri ilə xüsusi qolbaq və boyunbağı verilir. Orada öləcəkləri halda təcili olaraq haraya aparılmalı olduqları ünvan yazılıb. Üzərində belə bir qeyd də yer alıb: "Dəfn etməyin, yarmayın".

Nəhayət, hər kəsi maraqlandıran sual: Bu işlər nə qədər məbləğə başa gəlir? Bu xidməti göstərən Cryonics.org-un internet səhifəsində yazılıb: "Həyatın dəyəri daha yüksəkdir". Bu şüardan belə məlum olur ki, ölüb yenidən dirilmək bahalı işdir.

Bu işləri ən ucuz həyata keçirən şirkətlərdən biri bütün bədəni dondurub saxlamaq üçün 28 min dollar tələb edir. Dünyanın bir nömrəli krionika şirkəti olan "Alcor" isə 150 min dollar istəyir. Bununla yanaşı, yalnız başı dondurub saxlatdırmaq variantı da var. Əgər oyandığınız zamanın texnologiyasında bir hüceyrədən bədən yaradıla biləcəyinə inanırsınızsa, öldükdən sonra yalnız başınızı kəsib dondururlar. Bunun qiyməti isə "Alcor" şirkətində təxminən 80 min dollardır.

Artıq Türkiyədə də bu layihəyə daxil olan insanlar var. Türkiyənin ilk krionistlərindən biri, Türkiyə Qurtuluş Savaşının komandiri Çerkez Ethemin bacısı qızı Güner Kuban bu müqaviləyə imza atıb və öldükdən sonra dondurulmasını gözləyir.

Bəs görəsən, Azərbaycanda elm adamları krionika haqda nə düşünür? Ümumiyyətlə, bu, nə dərəcədə real prosesdir, dondurulan insanı sonradan nə gözləyir, o, nə zaman yenidən həyata qayıda bilər?

Mövzu ilə bağlı Ailem.az-ın suallarını cavablandıran gen mühəndisi Ələmdar Məmmədov deyib ki, əslində, bu prosesin məqsədi müəyyən xəstəliklərə əlac tapmaqdır.

RePost.Az


Baxış sayı: 6810 | Tarix: 13.04.2017
Bizi Telegramda izləyin: @repostaz