Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı prezidentlər arasında danışıqların davamı olaraq baş tutub.
Bildirilib ki, Azərbaycan və Rusiya XİN başçıları dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələrin inkişafını müzakirə ediblər.
"Nazirlər bu faciəli hadisənin hərtərəfli araşdırılmasının təmin edilməsinin zəruriliyi ilə bağlı prezidentlərin razılaşmalarını təsdiq edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıblar.
Hadisənin bütün səbəblərinin müəyyən edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi və baş verənlərin bütün hallar nəzərə alınmaqla nəhayət və tam şəkildə aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Ən yüksək və ali səviyyələrdə gözlənilən Rusiya-Azərbaycan təmaslarına dair də fikir mübadiləsi aparılıb", - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.