IV İslam Həmrəyliyi Oyunları zamanı yük maşınları, o cümlədən təmir, məişət tullantıları ilə məşğul olan və xidməti, firmada çalışan avtomobillərin hərəkətinə axşam saat 22:00-dan səhər 07:00-a qədər icazə veriləcək.
RePost.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Bununla bağlı Nazirlər Kabinetinin qərar çıxardığını bildirən K.Əliyev qeyd edib ki, hər hansı yük avtomobilinin sutkanın digər saatlarında hərəkətetmə zərurəti yarandığı halda Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bu müraciətə baxılacaq və zərurət yarandığı halda həmin avtomobilin sutkanın digər saatlarında hərəkətinə icazə veriləcək.
K.Əliyev, həmçinin vurğulayıb ki, artıq gələn həftədən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda çəkilən xüsusi zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Mayın 25-nə qədər aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat məbləğində cərimə olunacaqlar.
Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
RePost.Az