Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyevanın tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçması barədə xəbər bu gün ölkə mediasında müzakirə edilən hadisələrdən idi.
RePost.Az-ın məlumatına görə, rəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası Aslan İsmayılov Modern.az-la əlaqə saxlayaraq, bu haqda açıqlama verib. Ata yayılan xəbəri dezinformasiya adlandırıb.
"Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var. Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçması ilə bağlı məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqələr olduğu üçün belə məlumatlar yayıblar. Halbuki, o qız nişanlıdır. Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi? Biz axı mentalitet, adət-ənənə ilə yaşayan insanlarıq. Qızımın guya, Türkiyəyə qaçdığını da deyirlər. Axı onun heç xarici pasportu dayoxdur! Bu necə ola bilər?
Ölkəmizdə bu qədər problem var, insanların bu qədər dərdi var. Bir çox saytlar bunları işıqlandırıb müzakirə etmir, ancaq bir neçə qızın gəzməyə getməsini müzakirəyə çıxarır. Mən valideyn olaraq çox narahatam. Xahiş edirəm belə saytlar xəbərlərinə diqqət etsin. Mənim qızım bu xəbərlərdən sonra həyatına necə davam edəcək?".
RePost.Az