Güney Azərbaycanın Xudafərin şəhərində 8 PKK terrorçusu İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
RePost.Az-ın Güney Azərbaycan saytlarına istinadən verdiyi məlumata görə, Xudafərinin İbrahim Səmi kəndi ətrafında tutulan terrorçular Araz çayından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ ərazisinə keçmək və erməni terrorçularına qoşulmaq istəyiblər. Terrorçuların üzərindən çox miqdarda silah-sursat götürülüb. Polis əməkdaşları tərəfindən tutulan terrorçular, şəhərin ETTELAAT İdarəsinə təhvil verilib.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Turqut Ər də PKK terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərinə köçdüklərini deyib. “PKK terrorçuları sürətlə Rusiya, İran və Türkiyədən Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə köçür və xüsusi düşərgələrdə yerləşirlər. Onlar yeni evlər tikərək əhalidən boşalmış işğal altındakı şəhərləri doldururlar. Hətta Kəlbəcər şəhərində qızıl Kürdistan adlı bir məntəqə də yaradılıb”- deyə o bildirib.
Ermənistan rejiminin PKK ilə yaxın işbirliyi içində olduğunu deyən Turqut Ər vurğulayıb ki, “Azərbaycan bu məsələ ilə bağlı lazımi tədbirlər almasa, ola bilsin ki, sonralar problemin qarşısını almaq mümkün olmasın.”
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy də bu məsələ ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, Ermənistan işğal altında saxladığı ərazilərdə PKK terror qruplaşması üçün 12 düşərgə yaradıb. Hazırda bu düşərgələrdə azı 1750 PKK terrorçusu təlim görür.
Qeyd edək ki, dərin böhranın hökm sürdüyü Ermənistan əyalətlərində yaşayış səviyyəsi ildən-ilə ağırlaşır. Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Erməni əhalisi, xüsusi ilə də gənclər artıq yeni bir müharibə istəmir, Ermənistan rejimi bu boşluğu doldurmaq üçün PKK terrorçularından istifadə etməyi çalışır.
RePost.Az