Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündə M. Canelidze ilk olaraq, Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
 
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. 
 
Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bəyan ediblər. 
 
Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.
 
Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını bildiriblər. Həmçinin Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğu vurğulanıb.
 
Bu xüsusda, nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin əhəmiyyətinə diqqət çəkiblər.
 
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
RePost.Az

Baxış sayı: 4017 | Tarix: 06.09.2017
Bizi Telegramda izləyin: @repostaz