Azər Qasımov “The Guardian” qəzetində barəsində yazılanlara münasibət bildirib.
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov “The Guardian” qəzetinin 4 sentyabr tarixli sayında "Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki" iddialarda adının çəkilməsinə münasibət bildirib. APA-nın bununla bağlı sorğusuna cavab verən Azər Qasımov deyib: "Adıçəkilən məqalədəki "məlumatlar" o qədər absurd xarakter daşıyır ki, sözün düzü, mən heç buna reaksiya vermək istəməzdim.
Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisini maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar.
Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır".
A. Qasımov hesab edib ki, bu cəhdlər nəticəsiz olacaq: "Bütün bu səylər boş və mənasız məşğuliyyətdən başqa bir şey deyil. Fikrimcə, özünü ciddi mətbu orqan hesab edən istənilən kütləvi informasiya vasitəsi bu cür mənasız məlumatlara əsaslanan yazılar dərc etməməlidir".
RePost.Az