“Azərbaycanda satılan enerji içkilərinin tərkibi yoxlanılmalıdır. Əgər həmin içkilər insan sağlamlığına təhlükə törədirsə, onun satışı qadağan olunmalıdır”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Millli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyev bildirib. 
 
A.Abıyev deyib ki, bu məsələ ilə bağlı həkimlər tərəfindən ciddi araşdırma aparılmalıdır:
 
“Elə təbliğat aparırlar ki, guya həmin içkilər adama enerji verir və sairə. Əslində isə enerji daimi olan şey deyil. Səhər enerjili olursan, axşam isə onu istifadə edəndən sonra bitir. Ona görə də enerji içkilərinin tərkibini yoxlamaq lazımdır ki, bilək həmin içkilər insanların, xüsusilə də azyaşlı şəxslərin səhhətinə necə təsir göstərir. Əgər mənfi təsiri varsa, o zaman müvafiq qurumların nümayəndələri bununla bağlı məsələ qaldırmalıdırlar. O içkilərin tərkibini öyrənmək lazımdır. Bəlkə xaricdən elə şeylər göndərirlər ki, insanlara ziyan versin”.
 
Deputat “Red Bull” və digər enerji içkilərinin Azərbaycanda reklam olunmasına da etirazını bildirib:
 
“Onlar bu içkiləri reklam etməklə pul qazanırlar. Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə təsir etmək lazımdır. İndiyədək mən bir dəfə də olsun “Red Bull” və ya digər ernerji içkilərindən istifadə etməmişəm. Ümumiyyətlə, bu içkiləri nə övladlarıma, nə də nəvələrimə məsləhət görmürəm. Övladlarımdan da heç biri bu içkilərdən istifadə etmir. Baxırsan ki, hər yerdə “Red Bull”, “Red Bull” deyə reklam gedir. Reklamda yalandan deyirlər ki, guya “Red Bull” içəndən sonra insan qanadlanır. Bunun özü belə reklam haqqında qanunun tələblərinin pozulmasıdır. Kim deyə bilər ki, mən “Red Bull” içəndən sonra qanadlanmışam? Eksperiment üçün kimsə göstərsin ki, “Red Bull” içəndən sonra uçub? Kim sübut edə bilər ki, mən “Red Bull” içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, “Red Bull” içib, amma qanadlanmayıb. Əgər bu cür reklamlara 5-10 nəfər inanırsa, bunun özü də pisdir. Bu cür hallara qarşı media güclü təbliğat aparmalıdır. Həmin içkiləri istehsal edən şirkətlərin rəhbərlərinə irad bildirilməlidir ki, olmaz belə etmək və sairə. Çünki son vaxtlar insanlar enerji içkilərini gündəlik su kimi içirlər. Bu da pis əlamətdir. Bunun qarşısını almaq üçün enerji içkilərinin tərkibindən bəhs edən və həkim rəyləri olan videoreportajlar hazırlanmalıdır və insanlar məlumatlandırılmalıdır”. 
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz