Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.
 
İnstitutdan RePost.Az-a verilən məlumata görə, bəyanatda deyilir ki, dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdirən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçələrindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir: “Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir.
 
Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-də və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırıb. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib. Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılıb. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməyib. Bütün analoji xəritələrin hamısında uydurma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xəzər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atropatena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adı çıxarılıb, ancaq “Armenia” adı saxlanılıb. Beləliklə, Azərbaycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armenia” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armenia”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T. Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda, X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılıb. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilib. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılıb. Bununla yanaşı, qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilib. Burada çatmayan ancaq “Armenia” sözüdür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir”.
 
Tarix İnstitutunun Elmi Şurası bəyan edib ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmayıb, müstəqilliyini saxlayıb: “Bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb. Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilib ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.
 
Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilib. Bizim bu tədqiqatlarımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-də də guya “ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması”nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu baxımdan X siniflər üçün “Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə “Azərbaycan tarixi atlası” və “Azərbaycan Milli Atlası” nəşr olunduğu halda bu cür zərərli addım atılıb. Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı, onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdirilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsasən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edir. Nəşriyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazırlayır. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycançılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məzmunu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəmli alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam etdikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır”.
 
Bəyanatda o da qeyd edilir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir: “Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəlliflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyatlara özü sifariş verməlidir. Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alimlər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli metodistlər tərəfindən yerinə yetirilməlidir. İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz. Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə “ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir.
 
Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin eks-pertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib. Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilib. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunub.
 
İnstitutun Elmi Şurası bu və buna bənzər faktlara yol verilməsindən ciddi narahat olduğunu da bəyan edir. Belə ki, düşmənə qarşı informasiya müharibəsində qazanılmış bütün uğurlarımıza rəğmən məhz vaxtilə “26 Bakı” cəlladlarının adını da-şıyan Sahil bağında “26” kafesinin fəaliyyət göstərməsi, 26-ların ümumşəhər qəbiristanlığındakı qəbirlərinin ziyarət olunması və “gül-çiçək” qoyulması, X sinif dərsliyində yol verilmiş bu rüsvayçı fakt və buna bənzər digər faktlar Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılmasının bariz əlamətləridir. Tarix İnstitutunun Elmi Şurası müzakirə olunan məsələ ilə bağlı yekdilliklə aşağıdakı qərarları qəbul edib: Uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə əlaqədar məsələ və buna bənzər faktlar dərindən araşdırılmalı və qəti tədbir görülməlidir; X sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şagirdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır; Dərsliklərin hazırlanması sistemi və mexanizmi tamamilə dəyişdirilməlidir; Dərsliklər hazırlanarkən ətraflı və dərindən yoxlanılmadan internet resurslarından istifadə olunmamalıdır. İşğalçı ölkənin internet resurslarından istifadə isə yolverilməzdir. Dərsliklərin Azərbaycançılıq məfkurəsi əsasında yüksək səviyyədə hazırlanması kimi mühüm dövlət işi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislər olan peşəkar alimlərə və zəngin təcrübəsi olan metodistlərə həvalə olunmalıdır; AMEA və Təhsil Nazirliyi arasındakı müqaviləyə uyğun olaraq çapa hazır-lanmış dərsliklər, o cümlədən tarix dərslikləri AMEA-nın elmi-tədqiqat institut-larında elmi  ekspertizadan keçirildikdən sonra nəşr olunmalıdır”.
 
RePost.Az

Baxış sayı: 3865 | Tarix: 12.10.2017
Bizi Telegramda izləyin: @repostaz