Müdafiə naziri düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verib. Müdafiə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
 
Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.
 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib.
 
General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb.
 
RePost.Az

Baxış sayı: 5100 | Tarix: 21.10.2017
Bizi Telegramda izləyin: @repostaz