ANS TV efirlərindən tanınan jurnalist, APA TV-nin əməkdaşı Natiq Qədimovun ürək tutmasından qəfildən dünyasını dəyişməsi ürək ağrılarının və infarktın nə qədər təhlükəli olduğunu bir daha gündəmə gətirib. İş yoldaşları mərhum həmkarımızın bir müddətdir ki, ağrılarının olduğunu bildirir. Məlumata görə, N. Qədimov ürək ağrılarını soyuqdəymə ağrılarına bənzədib və bu səbəbdən o qədər də diqqət göstərməyib. Vaxtında həkim müdaxiləsi edilərdisə, onu bəlkə də xilas etmək olardı düşüncəsi isə həmkarları, iş yoldaşları və yaxınlarını daha çox kədərə boğub. 
 
Bəs kürək və sinə nahiyəsində olan ağrıların ürək və yaxud soyuqdəymə olduğunu necə müəyyənləşdirməli?
 
Ümumiyyətlə infakrt olan adamı xilas etmək mümkündürmü?
 
RePost.Az bildirir ki, məsələ ilə bağlı medicina.az-a açıqlama verən kardioloq Günay Rəhimova da sinədə olan göynəmənin digər ağrılarla səhv salındığını təsdiqləyib: "Sinədə göynəmə və ağrı hissini çox zaman ya soyuqdəymə ilə, ya da mədə ağrısı ilə dəyişik salırlar. Ürəyin ağrısı sinəyə, qollara, çənəyə və dişlərə yayılır. Çox zaman acışma, yanma, göynəmə olur ki, bəzən xəstələr buna partlama və cırılma hissi də deyirlər. Əksər hallarda bu, hərəkət zamanı və əsəbiləşəndə olur. Bu vəziyyətdə artıq insan istəsə də, hansısa hərəkəti edə bilməz. Adi soyuqdəymədə isə ağrı küt xarakter daşıyır, belə əlamətlər olmur. Soyuqdəymədə əllə toxunanda da ağrı olur və yenə deyirəm ağrının xarakteri küt, ya da sancı batma şəkildə olar, göynəmə olmaz".
 
"Ürək ağrısı ilə infarktı necə ayırmaq olar?" sualını isə kardioloq belə cavablandırıb: "Demək olar ki, infarktla ürək ağrısının əlamətləri eynidir. Sadəcə ağrı şiddətinə görə seçilir. İnfarkt ağrıları çox güclü ağrılardır. Qeyd edim ki, yarım saatdan artıq şiddətli ağrı davam edərsə, bu, artıq infarktdan xəbər verə bilər".
 
Kardioloqun sözlərinə görə, bu ağrıları əksər zaman şəkər xəstələrində anlamaq olmur: "Çünki şəkər ağrı impulslarını öldürür, amma şəkəri olmayan xəstələrdə isə mütləq ağrı olmalıdır. Ağrı o deməkdir ki, ürəyin üzərindən keçən damarlarda artıq darlıq var. Tutaq ki, darlıq 95 faizə gəlib çıxıb, bu, ana damardırsa və bu rəqəm qəfildən yüz faiz olursa, ürək qansız qalır və ya dərhal dayanır.
 
Şəkəri olan xəstələrdə infarkt və stenokardiya gizli, lal şəkildə keçir, bunu çox zaman xəstə sadəcə tənginəfəslik və boğulma olaraq hiss edir. Belə olan halda müayinə daha ətraflı aparılmalı, xəstəyə həm exokardioqrafiya, həm tredmil test, gərəkdirsə, koronar angioqrafiya icra edilməlidir. Ürək damarlarında mövcud olan darlıqlar gündəlik dərman içilməsini tələb edir, bu halda kurs şəkildə dərman içib dayandırmaq, yaz, payız fəsillərində sistem olaraq müalicələr qəbul etmək arzuolunmazdır. İçməli olduğunuz dərmanlardan ən vacibi aspirindir. Aspirin gündəlik içilməli, xüsusən şəkər xəstələrində qəbulu mütləq olmalıdır. Bununla yanaşı təzyiq varsa, nəzarət altında saxlanılmalı, ürək döyüntüləri azaldılmalıdır".
 
Bəs ilkin tibbi müdaxilə necə olmalıdır?
 
G.Rəhimovanın sözlərinə görə, sadəcə infarkt olduğuna əmin olduğumuz halda xəstəyə 300 mq aspirin çeynətmək lazımdır. Bu, birinci və ən vacib həyat qurtaran addımdır. Xəstə uzadılmalıdır, təzyiq yuxarıdırsa, mütləq təzyiqi dərman vasitəsilə aşağı salmağa çalışmaq lazımdır.
 
Mövzu ilə bağlı xarici mütəxəssilər də mühüm açıqlamalar veriblər. Onların sözlərinə görə, dekabr ayı və bazar ertəsi günü infarktın daha çox müşahidə edildiyi zamanlardır.
 
"İlk iş gününə diqqət edin"
 
İsveçdə aparılan araşdırma zamanı ürək tutmasına görə xəstəxanaya aparılan 156 mindən çox xəstənin məlumatları analiz edilib. Analizlərin sonunda infarktın ən çox məhz birinci gün baş verdiyi məlum olub. Digər günlərlə nisbətdə bazar ertəsi xəstəlik baxımından daha çox risk daşıyır.
Aylar arasında isə ən çox risk payı dekabr ayının üzərinə düşüb. İyul ayı isə ən qorxusuz ay olaraq açıqlanıb. Mütəxəssislər ürək problemlərindən maksimum qorunmaq üçün stressdən uzaq durmağı tövsiyə edirlər. Çünki birinci gün işin ən gərgin günü hesab edildiyindən məhz bu gün xəstəliklər baxımından qorxulu hesab edilir.
 
Qışda isə isti geyinmək məsləhət olunur. Çünki bu, vücud istiliyinizi sabit tutmağa kömək göstərəcək. Vücudunuz bir anda soyuyarsa, qan damarlarınız sıxıla bilər və təzyiqiniz yüksələcək.
 
Mütəxəssislər qidalanmada ehtiyatlı olmağı da vacib şərt hesab edirlər.
Onların sözlərinə görə, kartof, banan, qatıq, fıstıq gündəlik qidanızda mütləq yer almalıdır. Bu qidalar qan damarlarındakı təzyiqi yüngülləşdirir. Bu isə infarktdan qoruya bilər.
 
Boynunuzda gözlənilmədən başlayan ağrı, təzyiq hissi, yorğunluq, sərtlik infarktın əlaməti sayıla bilər. Keçməyən qarın ağrısı ürək tutmasının göstəricisi ola bilər.
 
Türkiyəli kardioloq İltümür infarktın necə başlamasını belə şərh edib: "Sinədə 20 dəqiqədən çox çəkən boyun, çiyin, qollara yayılan şiddətli və təzyiq yaradan ağrı, nəfəs darlığı, öskürək, baş dönməsi və ürək getmə, qusma, mədə bulantısı, soyuq tərləmə, döyüntü, halsızlıq, narahatlıq hissi və ölüm qorxusu hiss edilir. Bəzən infrakt çox ani və şiddətli ağrılarla başlaya bilər və asanlıqla buna diaqnoz qoyula bilər".
 
"Hansı yaşlar risk altındadır" sualını isə həkim belə cavablandırıb: "35 yaş və yuxarı olan kişilər, 45 yaş və daha yaşlı klimaks dövründəki qadınlar, şəkər xəstələri, yüksək təzyiqdən əziyyət çəkənlər, siqaretdən istifadə edənlər, damar tıxanıqlığı olanlar, stresli yaşayışı olan şəxslər daha çox risk qrupuna daxildirlər".
 
Həkimin sözlərinə görə, infarkt keçirən şəxs möhkəm öskürdülməlidir: "Bu, çox az qurtulmaq ümidi versə də, yenə də tıxanmış damarı açmaqda kömək edə bilər. Bu zaman əlavə nə isə yeyilməməli və ya içilməməlidir. Soyuq və ya isti suyun altına qətiyyən girmək olmaz. Xüsusilə də soyuq su bu vəziyyətlərdə çox təhlükəlidir. Çünki ürək damarlarını büzər və mövcud durumu daha da pisləşdirə bilər".
 
RePost.Az

Baxış sayı: 6050 | Tarix: 24.11.2017
Bizi Telegramda izləyin: @repostaz