Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.
RePost.Az bildirir ki, Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb.
Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
---------------
18:23
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılib. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tıkinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.
Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anisteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Buradakı şərait bir daha onu deməyə əsas verir ki, son illərdə səhiyyə sahəsində baş verən dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər mürəkkəb əməliyyatların aparılmasına imkan yaranıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.
Həkim Elmira Zeynalova və fermer Fatma Hüseynova yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.
-----------
17:38
Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.
Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.
Diqqətə çatdırıldı ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub. Meydandakı iki fəvvarə yenidən qurulub.
-----------
17:27
Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.
Daha bir sənaye məhəlləsi Azərbaycan Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən Masallıda yaradılacaq.
Dövlətimizin başçına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.
Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına - Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.
----------
17:22
Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.
-----------
15:56
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son dövrlərdə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.
----------
15:51
Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyevin yürütdüyü sənayeləşmə siyasətinə əsasən, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlətimizin başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə dövlətin güzəştli kreditləri hesabına ən müasir texnologiya və avadanlıqlar əsasında çörək istehsalı müəssisələrinin yaradılmasıdır. Beynəlxalq standartlara cavab verən qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, keyfiyyətin yüksəlməsinə və çeşidin artmasına imkan yaradır. Son illər dövlətin güzəştli kreditləri hesabına müasir çörək zavodlarının yaradılması onu deməyə əsas verir ki, ölkədə çörəkbişirmə sənayesi dünyanın ən son texnologiyaları əsasında yenidən qurulur. Bu müəssisələrdə istehsal edilən məhsullar keyfiyyəti ilə seçilir, tez bir zamanda istehlakçıların rəğbətini qazanır. Bu layihələr ölkəmizin iqtisadi potensialını artırmaq, bölgələrdə mövcud sosial-iqtisadi infrastrukturu inkişaf etdirməklə yanaşı, həm də yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayır. Ağcabədidə yeni çörək və un məmulatları zavodu da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də "Cahidoğlu" MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.
Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək "Ağcabədi çörəyi" brendi ilə istehlakçılara təqdim edilir.
Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı.
Diqqətə çatdırıldı ki, zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Belə ki, xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək anbara boşaldılır. Bundan sonra istehsal prosesində xəmirin mayalanması üçün süd emalından alınan pendir suyundan istifadə olunur ki, bu da istehsal edilən çörək və müxtəlif çeşidli un məmulatlarının daha dadlı və keyfiyyətli olmasına, eləcə də məhsulların saxlanma müddətinin artmasına şərait yaradır. Xəmirin mayalandırılmasında istifadə olunan pendir suyunun xammal bazasının yaradılması üçün gələcəkdə süd emalı sahəsinin təşkili nəzərdə tutulur. İstehsal olunan məhsulların istehlakçılara çatdırılması üçün kifayət qədər nəqliyyat vasitələri alınıb. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.
Sonda xatirə şəkli çəkdirildi.
-------------
15:46
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bu gün Azərbaycan dünyada həm də peşəkar ordusu olan ölkə kimi tanınır. Şübhəsiz ki, bu cür ordusu olan xalqın müstəqilliyi də əbədi və sarsılmazdır. Azərbaycanda ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Milli Ordunun formalaşması və bu sahədə inkişafın təməlinin qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Bu tədbirlər Ordumuzun gücünü daha da artırıb. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Ordu quruculuğu istiqamətində həyata keçirilən layihələr arasında yeni hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması mühüm yer tutur. Belə hərbi hissələrdən biri də Ağcabədi rayonunda yaradılan "N" saylı hərbi hissədir.
Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.
Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında oldu, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxdı.
Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaqdoldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verildi. Bildirildi ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
--------------
15:01
Noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin "Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında" 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Üçmərtəbəli 50 yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada üç birnəfərlik, iki ikinəfərlik, iki VIP, 13 üçnəfərlik otaqlar və 95 yerlik konfrans zalı mövcuddur.
Qeyd olundu ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü.
Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ağcabədililərin minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
---------
14:16
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu.
Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.
Azərbaycanın bölgələrindəki Tarix-Diyarşünaslıq muzeylərinin əsaslı şəkildə yenidən qurulması qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Belə muzeylərdə həm ölkəmizin, həm də müxtəlif rayonların tarixini əks etdirən çoxlu sayda eksponatlar toplanır. Azərbaycan tarixinin əsrlərin dərinliklərindən qaynaqlanan izlərini yaşadan belə muzeylərin başlıca üstünlüklərindən biri də ölkəmizin bölgələrinə xas mədəniyyət elementlərinin qorunub saxlanması ilə bağlıdır. Prezident İlham Əliyev qədim və zəngin mədəniyyət abidələrimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyan Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasına xüsusi diqqət yetirir. Bu, bir daha Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Ağcabədidəki Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı şəkildə yenidən qurulması da bu həqiqəti təsdiq edən amillərdən biridir.
Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Azərbaycan SSR dövrü", "Azərbaycan müstəqillik dövrü" və "Görkəmli şəxsiyyətlər" adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Diqqətə çatdırıldı ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir.
---------
14:09
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. Məhz ölkəmizdə dövlət bayrağına ehtiram bəslənməsi ilə bağlı aparılan məqsədyönlü və kompleks işlərin məntiqi nəticəsi olaraq indi Azərbaycanın üçrəngli bayrağı müxtəlif mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən ən nüfuzlu idman yarışlarında yüksəklərdə dalğalanır. Bu da Azərbaycan dövlətinin gücünün və durmadan artan nüfuzunun əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, hər bir azərbaycanlı Vətənimizin bayrağının əbədiliyi və daim ucalarda dalğalanması naminə əlindən gələni əsirgəmir. Ağcabədi rayonunda bir il ərzində tikilmiş bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.
Dövlətimizin başçısı muzeydə yaradılan şəraitlə tanış oldu.
Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb. Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur.
Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb.
Yeni muzeyin yerləşdiyi Bayraq Meydanı da gözəlliyi ilə diqqəti cəlb edir. Son vaxtlar meydan genişləndirilib, burada əsaslı yenidənqurma işləri görülüb. Meydanda hündürlüyü 65 metr olan bayraq dirəyinin postament hissəsi abadlaşdırılıb, ətrafda yaşıllıq zolaqları salınıb. Burada quraşdırılan yeni işıqlandırma sistemi və fəvvarə də ərazinin gözəlliyini daha da artırıb.
X X X
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Ən əsası isə həmin təlimlərdə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı istənilən vaxt qaytarmaq əzmində olduğunu nümayiş etdirib.
Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.
Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verdi.
Bu hərbi hissənin timsalında biz ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münaqişənin həlli dövründə dönüş məqamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.
Bu hadisələr bir daha təsdiqlədi ki, Azərbaycanın danışıqlar masasında mövqeyi hər zaman prinsipiallığa əsaslanıb və bu, belə də davam edəcək. Bu prinsipiallıq isə həm də Azərbaycan Ordusunun güclənməsindən keçir. Artıq neçə illərdir ki, bununla bağlı həyata keçirilən islahatlar öz bəhrəsini verir, Silahlı Qüvvələrin döyüş qabiliyyəti gücləndirilir, Ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Bununla da millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın silahlı qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.
----------
12:43
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, bu ilin mayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən "Ümid Yaşayış Kompleksi"nin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. 1170 məcburi köçkün ailəsi üçün Tərtər rayonunda inşa olunan dördmərtəbəli 34 yaşayış binasının tikintisi də başa çatdırılıb.
Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlandı.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Qeyd olundu ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.
Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.
Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən "Marağa-150" abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa-150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin "Marağa-150" abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Məktəbin kompyuter otağında dövlətimizin başçısına məlumat verildi ki, şagirdlər burada informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdü.
Sonra Ağdərə rayonundan məcburi köçkün İlqar Qasımov çıxış etdi.
Tərtər sakini Tofiq Hacıyev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Sonda xatirə şəkli çəkdirildi.
---------
11:55
Noyabrın 28-də Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır.
"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
----------
11:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
X X X
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda "Təbiət", "Arxeologiya", "Qafqaz Albaniyası", "Orta əsrlər", "Misgərlik", "XIX əsr", "Azərbaycan milli geyimləri", "Ənənəvi ev", "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü", "Azərbaycan müstəqillik dövrü", "Qarabağ münaqişəsi" adlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.
RePost.Az