"Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür".
RePost.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib. Prezident əlavə edib ki, bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb.
1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.
Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın.
Prezident İlham Əliyev qeyd edib ki, vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar. Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır.
RePost.Az