QHT fəalı olan Nəzrin Babayeva (ad, soyad şərtidir) uzun illər qadın hüquqları üzrə maarifləndirmə işi aparıb. Az qala hər tədbirdə QİÇS (SPİD) xəstəliyi ilə bağlı məlumat verib, virusdan qorunma yollarını öyrədib. Təsadüf və ya qismətdən özü də bu xəstəliyə yoluxub, amma bunu çox sonradan, övladı doğularkən öyrənib.
RePost.Az-ın məlumatına görə, hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində müalicə alan Nəzrin başına gələnləri virtualaz.org-un əməkdaşına danışıb.
Nəzrin deyir ki, həyat yoldaşı qazanc dalınca Rusiyaya gedib, bir neçə il orada bizneslə məşğul olub: “Sonra həbs edildi, narkotik istifadəçisi imiş. Düşünürəm ki, QİÇS-ə də elə həbsxanada yoluxub. Həbsdən çıxandan sonra Bakıya qayıtdı, birlikdə yaşamağa başladıq”.
İndi Nəzrin özünü günahlandırır, deyir ki, başqalarından fərqli olaraq, onun hərtərəfli məlumatı olub, buna baxmayaraq, yoldaşından müayinədən keçməyi tələb etməyib. Bəlkə də bu xəstəliyi ona yaraşdırmayıb, öz ailəsinin başına gələcəyini düşünməyib. “Rusiyada müayinə edilib, QİÇS-ə və hepatit C virusuna yoluxduğunu bilib. Hətta bir müddət müalicə də alıb. Bakıya geri dönəndən sonra müalicəsinə ara verib. 2014-cü ildə isə birdən-birə arıqladı, hətta yataqdan dura bilmədi. Müayinələrdən sonra vərəmə yoluxduğunu öyrəndik”, - deyir Nəzrin.
N.Babayeva həyat yoldaşının QİÇS, hepatit C və vərəmə yoluxduğunu hamiləliyinin 9-cu ayında öyrənib. Dərhal həkimə müraciət edib, bəlli olub ki, o da virusa yoluxub. Amma hələ xəstəliyin ilkin mərhələsindədir. “Həyatdan küsmüşdüm, günlərlə yataqdan qalxmaq istəmirdim. Qeysəriyyə yolu ilə uşaq doğuldu, 18 ay müşahidə altında saxladılar, uşağa virus yoluxmamışdı. Yalnız bundan sonra yaşamaq üçün mübarizəyə başladım”.
Nəzrin həyat yoldaşından ayrılıb, müalicə ilə normal həyata qayıdıb. Həyat yoldaşı isə xəstəliyin sonuncu mərhələsindədir. “Mən ona hər şeyi, hətta virusa yoluxduğunu məndən gizlətdiyini də bağışlamağa hazır idim. Amma o, narkotiki ailəsindən üstün tutdu. Öz ölümünü tezləşdirmək üçün əlindən nə gəlirsə edir. Yalnız onu deyir ki, hamıdan utanır, xəstəliyini də elə utandığı üçün gizlədibmiş”.
Mərkəzin qadınlar üçün palatasında Nəzrin kimi həyat yoldaşı tərəfindən yoluxdurulmuş daha 3 qadın müalicə alır. Onlardan biri 18 yaşlı anadır. Həyat yoldaşı ukraynada QİÇS-ə yoluxubmuş…
Statistika nə deyir?
Bu ilin yanvar-oktyabr ayında Azərbaycanda 437 nəfərdə HİV aşkarlanıb.
Respublika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyir ki, həmin şəxslərdən 431-i, yəni 98,6%-i Azərbaycan vətəndaşı, 6 nəfəri isə əcnəbidir. Virusa yoluxanların 275-i, yəni 63,8%-i kişi, 156-sı qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanların sayı 50 nəfərdir.
E.Muradovun sözlərinə görə, bu il dekabrın 1-dək mərkəzdə 5549 nəfər İİV-lə rəsmi qeydiyyatdadır. Onlardan 71,4 faizi (3 962) kişi, 28,6 faizi (1 587) qadındır. QİÇS mərhələsində olanlar 1452 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 861 nəfər olub.
Heteroseksuallar narkotik istifadəçilərini üstələyib
Son illərədək inyeksion narkotik istifadəçiləri arasında yoluxma faizi yüksək olub, başqa sözlə, yoluxma yolları arasında bu səbəb siyahıda birinci yeri tutub. Son 1-2 ildə isə heteroseksuallar narkotik istifadəçilərini üstələyib. 43,8% inyeksion narkotik istifadəsi vasitəsilə, 44,6%-i isə heteroseksual yolla HİV-ə yoluxub. Bundan əlavə, 2,5% homoseksual kontakt nəticəsində, 1,9% anadan uşağa keçməklə, 1 nəfər donor qanının köçürülməsi nəticəsində virusa yoluxub. 7,3%-də isə yoluxma yolu müəyyən edilməyib.
Anadan uşağa yoluxdurma
E.Muradov deyir ki, 263 hamilə qadın müayinədən keçirilib. Bir neçə testdən sonra onlarda virusa yoluxma təsdiqlənəndən sonra uşağa keçirməmək üçün müalicə və məlumatlandırmaya başlanılıb: “18 ay uşaq müayinədə olur, süd vermə vasitəsilə virusun uşağa keçirilməməsi üçün dövlət tərəfindən süni uşaq yeməyi verilir. 18 ayında sonuncu müayinə aparılır”.
Yetkinlik yaşına çatmayanların müayinə və müalicəsi isə yalnız valideyn və qəyyunlarının icazəsi ilə aparılır. “Nikahdan əvvəl müayinələrin aparılması xəstəliyin erkən aşkarlanmasında böyük rol oynayır. İndiyədək 117142 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 103 nəfərdə infeksiyaya yoluxma faktı təsdiqlənib. Artıq İİV ailələrə tərəf istiqamətlənib. Cinsi yolla İİV-ə yoluxma ön plana çıxıb”, -E.Muradov deyib.
E.Muradov ölkədəki hemoseksualların məcburi müayinəyə cəlb edilməsi ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl polis tərəfindən seks xidməti göstərən hemoseksuallar saxlanılıb. Amma onlar məcburi müayinəyə cəlb edilməyib, yalnız könüllü müayinəyə dəvət edilib. Seks biznesi ilə məşğul oanlar da müayinəyə dəvət edilir. İstəyən müayinəyə cəlb edilir, istəməyən isə müayinədən imtina edir.
Qeyd edək ki, bu gün-dekabrın1-i QİÇS-lə Mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı QİÇS-i ölümcül xəstəliklər siyahısından çıxararaq ağır xəstəliklər siyahısına əlavə edib. Ona görə ki, təyin edilmiş dərmanları qəbul edən xəstələr həyat fəaliyyətini davam etdirə, dünyaya sağlam övlad gətirə bilirlər.
QİÇS cinsi əlaqə, narkotik istifadə və anadan uşağa ötürmə yolu ilə keçir.
RePost.Az