Bu gün vəkil Elçin Qəmbərovun "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı keçirilib.
 
APA-nın məlumatına görə, vəkil E. Qəmbərovun kitabda "hüquq müdafiəçisi" adlandırdığı L. Yunusun məhkəmə və istintaq olduğu bir vaxtda azadlıq naminə dostları ilə həmfikirlərinə xəyanət etməsindən, Azərbaycan hakimiyyəti qarşısında alçalaraq öz xidmətlərini təklif etdiyindən bəhs edir.
 
Kitabda qeyd edilir ki, müəllif insan hüquqlarının müdafiəsini qazanc mənbəyinə çevirən və özünü "sarsılmaz dissident" kimi qələmə verən bir adamın iç üzünü açır. Eyni zamanda kitabdakı məlumatlar sənədlərə əsaslanır, hadisələr hazırkı dövrdə baş verir.
 
Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə vaxtilə onun təmsil olunduğu təşkilatda rəhbərlikdə olduğunu, lakin fəaliyyəti qaneedici olmadığı üçün rəhbərlikdən uzaqlaşdırıldığını xatırladıb. Ç. Qənizadə deyib ki, L. Yunus proseslərdə oyun qurmağı və şou yaratmağı yaxşı bacarıb.
 
Millət vəkili L. Yunusun müxtəlif adlarla yüz minlərlə vəsait aldığını, tək Azərbaycanın müvafiq orqanlarını yox, beynəlxalq təşkilatları da aldatdığını vurğulayıb: "Kitabın bir yerində qeyd olunub ki, Leyla Yunus qızına “azərilərə inanma” deyir. Bu sözü adətən, ermənilər söyləyir. Zaman da onun kim olduğunu üzə çıxardı. Kitab "Leyla Yunusun parlaqlığı və səfaləti" adlanır. Əslində Leyla Yunusun heç vaxt parlaqlığı olmayıb, oyunbazlığı olub".
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov L. Yunusun ifşa olunmasına görə E. Qəmbərova təşəkkürünü çatdırdığını söyləyib: "Vəkillər etik davranış qaydalarına riayət etməlidirlər. Elçin Qəmbərovun kitabında vəkilliklə bağlı heç bir etik qayda pozuntusu yoxdur. Müəllif kitabında Leyla Yunusun müxtəlif yollarla alınan belə pullarla xaricdə hansı daşınmaz əmlakları olduğu, pulların hansı hesablara köçürüldüyü əksini  tapır. Elçin Qəmbərovun yazdığı kitabda hər hansı vəkil sirri yayılmır, vəkil üçün vətəndaşlıq, Vətənə xidmət əsasdır. Bu kitabda vəkillik fəaliyyətinin pozulması halı yoxdur".
 
Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, Leyla Yunus tək deyil, bu gün Azərbaycanda ona bənzəyənlər var: "Mən hər zaman demişəm ki, Leyla Yunus vətən xainidir. Bu sözümə görə mən Leyla Yunusun məni məhkəməyə verəcəyini gözləmişəm, verməyib. Leyla Yunus tarixi və xaricilərə nəyi demək lazım olduğunu yaxşı bilir. O, indi deyil, çox əvvəllər Vətənə xəyanət edib".
 
Kitabın müəllifi E. Qəmbərov bildirib ki, hüquqlarını müdafiə etdiyi L. Yunusun ermənipərəst və anti-Azərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olub: "Leyla Yunusu müdafiə etdiyim 1 il 6 ay ərzində həftədə 3 dəfə yanına gedirdim, bütün günüm ona həsr olunurdu. Bütün canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşidirdim ki, mənim guya hökumətə işlədiyim yönündə təbliğat aparır. Buna görə də mən də ona qarşı mübarizəyə başladım. Bu, mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi. Kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, "Sülh və Demokratiya İnstiutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb. "Hər şey tamah, mənfəət naminə prinsipi ilə işləyən" Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun hakimiyyətin onu həbsdən azad etməyəcəyi təqdirdə ATƏT-in Minsk Qrupunun Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil.
 
Kitabda hələ 1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən "Çaykənd əməliyyatı" zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olması Qərb qeyri-hökumət təşkilatlarını maraqlandırmaya bilməzdi. Kitabda Leyla Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına məhz həmin QHT-lərin, o cümlədən Demokratiya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsinin qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi heç kəsə sirr deyil. Bu insanın amalı ancaq pul olub. Qərb fondlarına 5-10 min qrant üçün müraciət edəndə çoxlu sayda problem ortaya çıxır, ən yaxşı halda 10 layihədən birini dəstəkləyirlər. Ancaq Leyla Yunusun bütün təşəbbüsləri dəstəklənib. Niyə? Leyla Yunus deyirdi ki, aldığı qrantlardan rüşvət verib.
 
Həmin qərb dövlətlərinin maliyyə monitorinq xidmətləri hara baxır? Bu kitabın Qərb ölkələrində də dərcini vacib sayıram. Kitabda onun şəxsi həyatına toxunmamışam. Vəkillik fəaliyyəti həmin şəxsin müdafiəsi başa çatan zaman başa çatır. Dünyada bir çox vəkil memuarlar yazıb. Digər tərəfdən, vəkillik etikasını hər bir şəxs qarşısında saxlamaq olar, ancaq Leyla Yunus qarşısında yox".
 
Millət vəkilləri Sahib Alıyev, Elşən Musayev və digərləri də kitab haqqında fikirlərini bölüşüblər.
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 08.12.2017
Bizi Telegramda izləyin: @repostaz