Baş Prokurorluq paytaxtda ölümlə nəticələnmiş qəza ilə bağlı məlumat yayıb.
RePost.Az-ın məlumatına görə, bildirilir ki, Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılmayıb.
Qeyd edilən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb. Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar məhkəmə iclası keçirilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, avtoqəzada dünyasını dəyişən Könül Əkbərova şəhid qızıdır. 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
RePost.Az