Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
 
RePost.Az-ın məlumatına görə, bunu Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
"Krakovda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saatda yaxın davam edib. İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm", - deyə nazir bildirib.
 
E. Məmmədyarovun sözlərinə görə, görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb:
 
"Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir".
 
RePost.Az

Baxış sayı: 3618 | Tarix: 18.01.2018
Bizi Telegramda izləyin: @repostaz