Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması son illərdir aparılan şayiələrə son qoydu. Əlbəttə ki, Əli Əhmədovun açıqlaması razılaşdırılmış qərarın anonsu idi.
RePost.Az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun fikrincə, Prezident İlham Əliyev bir il əvvəl xanımı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı birinci-vitse prezident təyin etdi. Bundan sonra gələcək prezident seçkisində hakimiyyətin namizədinin Mehriban Əliyevanın da ola biləcəyi müzakirələri genişləndi. Ancaq bunun üçün Mehriban Əliyevanın namizədliyini İlham Əliyev irəli sürməliydi. Bu ehtimal çox az idi, ancaq var idi, siyasi kuluarlarda müzakirə olunurdu. Mehriban Əliyevanın reytinqi əhali arasında yüksəkdir. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürülsəydi, onun da İlham Əliyev kimi prezident seçilməsi şansı yüksək idi.
Buna baxmayaraq, İlham Əliyev özü prezident olacağına qərar verdi. Bunun 3 önəmli səbəbi var:
Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi. Çünki, hakimiyyətin namizədi kim olacaq – sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi. Hakimiyyət içindəki bəzi qruplar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən ehtiyat edir, mövqelərini qorumaq üçün müxtəlif təhlükəli oyunlara qoşula bilərdilər. Bu isə hakimiyyətin özü üçün və dövlətin təhlükəsizliyinə müəyyən problemlər yarada bilərdi. İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu. Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.
İkincisi, prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir. Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək. Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu onun nüfuzunun daha da artmasına şərait yaradacaq.
Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, “kimə stavka edək” kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını tez elan etməklə ölkəni xarici təhlükələrdən də qorumaq məcburiyyətində idi.
RePost.Az