Azərbaycanlı alim Prof. Dr. Əhmədrza Calali haqqında çıxarılan edam hökmünün Ali Məhkəmə tərəfindən təsdiqlənməsinə görə, İranın stokholmdakı səfiri İsveç xarici işlər nazirliyinə çağırılıb.
RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata İsveçin xarici işlər naziri Marqot Vallstrom açıqlama verib.
Onun sözlərinə görə, rəsmi Stokholm Cəlali barəsində çıxarılmış edam qərarına etiraz edib. “İsveç Əhmədrza Calali barəsində çıxarılan edam hökmünün ləğvini istəyir. Bununla bağlı Avropa İttifaqının digər ölkələri ilə birlikdə dəfələrlə öz etirazımızı bildirmişik. Bu gün növbəti dəfə etirazımızı İranın ən yüksək rütbəli rəsmi şəxslərinə çatdırdıq”, - deyə nazir əlavə edib. Azərbaycanlı araşdırmaçı-alimin vəkili, ötən günlərdə bir Belçika qəzetinə artıq edam hökmünün qəti olaraq təsdiq olunduğunu açıqlayıb. İran rejimi, Əhmədrza Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır.
Lakin müttəhim mordad ayında zindandan Beynəlxalq Əfv Təşkilatına yazdığı məktubda, İran kəşfiyyatına casusluq etməkdən imtina etdiyinə görə həbs olunduğunu vurğulamışdı. Məlumata görə, Ali Məhkəmə vəkillərin müdafiə mətnini qəbul etmədən edam hökmünü təsdiqləyib. Tanınmış alim haqda çıxarılan ədalətsiz qərar dünya ictimaiyyəti və insan haqları qurumları tərəfindən kəskin etirazla qarşılanır.
RePost.Az