Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.
 
RePost.Az xəbər verir ki, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb.
 
Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.
 
Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb.
 
Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı hadisəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.
 
RePost.Az

Baxış sayı: 4188 | Tarix: 26.02.2018
Bizi Telegramda izləyin: @repostaz