Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
RePost.Az-ın məlumatına görə, Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Komissiyanın sədri
Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, habelə görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb.
Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.
RePost.Az