"Nat Geo Wild"a çıxan azərbaycanlı "bəbir adam" danışdı.
ARB TV xəbər verir ki, o, bir neçə metr hündürlüyü olan ağaca çox rahat şəkildə çıxır, bir ağacdan digərinə hoppanır. Astara sakini, 55 yaşlı Babaxan Rəhmanov bu bacarığına görə el arasında "Tarzan Babaxan" kimi də tanınır.
Babaxan Rəhmanov: "Tam sərbəst şəkildə ağaca qalxıb enə bilirəm. Uşaq vaxtlarımdan fiziki hərəkətlərlə özümü inkişaf etdirmişəm".
Babaxanın digər xüsusi bacarığı isə meşələrin əlçatmaz zirvələrini yaxşı tanımasıdır. Vəhşi təbiətdən qorxmayan bələdçiyə vaxtilə bu işdə atası yaxından kömək olub. Onun el arasında ikinci adı isə "Bəbir Babaxan"dır. Bunun da səbəbi onun bəbirlərə olan sevgisidir.
Babaxan Rəhmanov: "2 balalı və 3 balalı bəbirləri görmüşəm. Bəbirləri görmək üçün yuvalarına kimi gedib çıxmışam. Onlar çox gözəldirlər. Təbiət çox gözəl yaranıb".
O, bələdçilik qabiliyyəti ilə həm də Amerikanın məşhur "National Geographic Wild" telekanalının "Avropanın son bəbiri" adlı filmin çəkilişləri zamanı yaradıcı heyətə yaxından köməklik edib. "Bəbir adam"ın qeyri-adi istedadına təəccüblənən ekspedisiya üzvləri Avropada nəsli tükənməkdə olan bəbirlərin görüntülərini məhz Babaxan Rəhmanovun köməkliyi ilə əldə ediblər.
Babaxan Rəhmanov: "2013-cü ilin mart ayında gedib kameraları quraşdırmışıq, nəticədə isə bəbir kameraya düşüb. Ondan sonra yazda gəliblər, gedib çəkiliş aparmışıq".
"Babir adam"ın sözlərinə görə, filmin yaradıcı heyətinin diqqətini çəkən digər maraqlı məqam isə, Babaxanın bu sahədə heç bir təhsili olmadan heyvanların izlərini rahatlıqla müəyyən edə bilməsidir.
Babaxanın ən böyük arzusu isə bəbirlərin nəslinin artırılmasıdır.