Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.
 
RePost.Az-ın məlumatına görə, VI Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edir.
 
Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000 İsmayıl Səragəldin, Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edəcək, İtaliya prezidenti Sercio Matarella, Böyük Britaniyanın baş naziri Tereza Mey, Rumıniyanın baş naziri Viorica Dancila, Roma Papası Fransisk və BMT baş katibi Antonio Quterrişin Foruma ünvanlanan müraciətləri oxunacaq.
 
NGBM həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqanın çıxışı ilə VI Qlobal Bakı Forumunun açılış mərasimi başa çatacaq.
 
Üç gün davam edəcək VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri”, “Meydana çıxan yeni güclər”, “Çoxluqlar azlıqlara qarşı”, “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq”, “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?”, “Çinin xarici siyasətini necə başa düşmək olar”, “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?”, “İnternetin üstünlükləri və yaratdığı çətinliklər”, “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik”, “Elm və siyasət” və “Dini/mədəni müxtəliflik-siyasi liderlik üçün hansının rolu daha önəmlidir?” mövzularında panellər keçiriləcək.
 
Qeyd edək ki, forumun işində Albaniya prezidenti Ilir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyəni baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya baş nazirinin müavini Ana Birçall da daxil olmaqla, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edir. Eyni zamanda, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq iştirak edir.
 
RePost.Az

Baxış sayı: 4112 | Tarix: 15.03.2018
Bizi Telegramda izləyin: @repostaz