"Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib".
RePost.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur: "Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir. Biz bu il "Şahdəniz-2" fazasını istifadəyə verəcəyik. Biz inanırıq ki, yaxın tarixdə bu fazanın açılışını edəcəyik".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: "Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu xətdən istifadə etməklə iki həftə ərzində Asiyadan Avropaya yüklər daşına bilər. Asiya və Avropadan olan tərəfdaşlarımız bu dəmir yolundan istifadə etməkdədir və dəmir yoluna maraq artmaqdadır. Bu layihə üzrə marşrutun təşviq olunmasına çalışırıq".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: "Həyata keçirdiyimiz layihələr nəticəsində regionda 10 minlərlə iş yeri açılır. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir".
"İşğal faktına baxmayaraq, Azərbaycan uğurla inkşaf edir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir: "Ötən dövr ərzində 3000-dən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub".
İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir".
Prezidentin sözlərinə görə, Azərbaycan adambaşına düşən sərmayələrə görə aparıcı yerdədir: "Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq".
RePost.Az