İran prezidenti Həsən Ruhaninin Bakı səfərində əsas müzakirə olunacaq mövzu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməkdir.
 
Bunu RePost.Az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğölu deyib. Onun fikrincə, İran-Azərbaycan münasibətləri tarixində bu bir ilkdir.
 
"İrana heç bir dövlət böyük yatırım qoymur, biz də qoymazdıq əgər bu layihə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verməsəydi. Biz şimal-cənub layihəsi vasitəsilə Ermənistanın təcridini gücləndiririk, İran isə özü təcriddən çıxmağa çalışır. Demək, şimal-cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyəti kəsb edir. Birincisi, İran bu dəmiryolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazanacaq, bu xəttin Bakı-Tiflis-Qars dəmiryoluna birləşməsi də mümkündür. İkincisi, Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcək. Ona görə Tehran bu layihəyə və verilən kreditə görə bizə minnətdar olmalıdır", - Elxan Şahinoğlu əlavə edib.
 
RePost.Az

Baxış sayı: 5518 | Tarix: 28.03.2018
Bizi Telegramda izləyin: @repostaz