Kinorejissor Ayaz Salayevin “Qafqaz triosu” ("Кавказское трио") filmi ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış məqaləsini oxudum. Kinorejissor əsl Azərbaycan ziyalısı olaraq cəmiyyətə kifayət qədər ciddi mesaj verib. Filmin müxtəlif epizodlarına diqqət yetirdikcə bu mesajın eyni zamanda dərin ictimai məzmun daşıdığını duymamaq mümkünsüzdür.
Bəli, "Кавказское трио"nun ssenari müəllifi azərbaycanlı, bir qədər də dəqiq desək, məşhur azərbaycanlı Rüstəm İbrahimbəyovdur. Bu faktın özü çox üzücüdür. Eyni üzüntünü yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı da keçirmişdik. Düşünürəm ki, Rüstəm İbrahimbəyovu və Əkrəm Əylislini birləşdirən cəhətlər oxşardır və bu cəhətlər yaradıcılıq müstəvisində qiymətləndirilə bilməz.
Zənnimcə, yaradıcılıq mahiyyət etibarilə pozitiv təbiətlidir. Onu da vurğulayım ki, şəxsin yaradıcı bacarıq və istedadını göstərmək üçün tətbiq etdiyi metodlar hətta ifrat da ola bilər. Yaradıcılıqdakı ifrat konkret hadisə və prosesə münasibətin qeyri-adekvat və müəyyən mənada amansız forması kimi seçilsə də, onda obyektiv həqiqətlərin üzə çıxarılması məramı var və elə buna görə də keçərlidir.
Ancaq istər Əkrəm Əylislinin, istərsə də onun “yuxusunu görən” Rüstəm İbrahimbəyovun yaradıcılığı pozitivlikdən uzaqdır. Bəli, onların hər ikisi üstündür. İstedadı şəxsi iddianın, təkəbbürün, qərəzçiliyin nümayişi üçün bazara çıxararaq satmaqda tayı-bərabərləri yoxdur. Əlbəttə, R.İbrahimbəyov "Кавказское трио"su ilə daha irəli gedə bilmək “potensialını” ortaya qoyur...
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik. Cümhuriyyət dövrü ictimai xadimlərinin həyatının müxtəlif mərhələlərinə diqqət yetiririk. Gözlərimiz önündə fədakar simalar, əsl şəxsiyyətlər canlanır. Hər birimizə yaxşı məlumdur ki, onlar bu xalqı düşdüyü qəflət yuxusundan ayıltmaq, əzilməkdən, boyunduruqdan qurtarmaq üçün necə əziyyətlərə qatlaşıb, necə məhrumiyyətlərlə üzləşib, necə çətinliklərə sinə gəriblər. Xalq Cümhuriyyəti bu böyük insanların xidmətlərinin təntənəsi olmaqla yanaşı, həm də Qafqaz coğrafiyasındakı türk-müsəlman varlığının dünyaya mədəniyyət, əxlaq, sülh, barış, bəşərilik, dünyəvilik mesajı idi. Əlbəttə, bu mesaj toplum olaraq bizə ağır nəticələr də verdi. Tarixi torpaqlarımızda erməni dövləti yarandı.
Üzərindən 100 il keçdikdən sonra Cümhuriyyət dövrü xadimləri kimi xalqın ziyalısı olmaq potensialına malik Rüstəm İbrahimbəyov bu filmi ilə istedadını görün, nəyə xərcləyir! Xalqını mədəniyyətsiz, barbar, qorxaq kimi təqdim etməyə! Təzada baxın, bu mədəniyyətsizlik və barbarlıq ermənilər üzərində həyata keçirilir! O ermənilər üzərində ki, istər yaxın, istərsə də uzaq tariximizin müxtəlif mərhələlərində bizə qarşı soyqırımı siyasəti həyata keçiriblər.
Görəsən, cənab İbrahimbəyovun bəşəriliyin uğursuz imitasiyasına söykənmiş təxəyyülündən filmə sıçratdığı qorxmaz, mərd erməni obrazı öz erməniliyindən imtina edərmi?! O obraz Xocalıdakı dəhşətlərə, ümumən türklərə qarşı ən ağlagəlməz cinayətlərə görə fəxarət duyub özü ilə heçmi öyünməyib?! Bəlkə o erməni xəcalət təri töküb?! Hesab etmirəm ki, R.İbrahimbəyov bunları bilmir. Çox gözəl bilir, ancaq hikkəsi və iddiası ona kim olduğunu unutdurur.
Yaradıcı şəxs, istedad sahibi üçün saf niyyətlərə söykənmiş müxalif ruhluluq da keçərlidir, hətta etalondur da. Ancaq R.İbarimbəyov "Кавказское трио" ilə 11 aprel Prezident seçkisi öncəsi Avropadan söyüş yağdıran bəsit təfəkkür sahiblərinin maraqlarından da bəsit maraqların əsiri kimi çıxış edir. Bu isə müxaliflik deyil. Onun insan haqları, mərhəmət kimi bəşəri dəyərlərin tapdalanmasının guya əksinə çıxan beynəlmiləlçiliyinin incə siyasi gedişlərə hesablandığı aydın görünür. Hər kəs İbrahimbəyovun soyuq “şimal küləyi”nin təsiri səbəbindən xəstələnməsinin fərqindədir. "Кавказское трио" bu xəstəliyin artıq şizofreniya mərhələsidir.
Bəli, satqınlığın və xəyanətin başqa adı yoxdur. Əslində bununla bağlı fikir bildirmək çox ağırdır. O mənada ki, satqın özümüzdən biridir. Üstəlik bizdən olan, yenə də deyim, istedadlı və bacarıqlı biri. Ancaq tariximizdə Oruc bəy Bayat kimi doğulmuş, sonradan iranlı Don Juana çevrilmiş biri də olub. Taleyə baxın, adam küçə davasında ayaq altında qalaraq canını tapşırıb. Rüstəm İbrahimbəyov da "Кавказское трио" ilə acı sonluğa doğru daha sürətlə irəliləyir. Görünən budur ki, siyasətin onun cüssəsindən dəfələrlə böyük çarxları altında qalmağa üstünlük verir. Bu durumda bizə “Don Juan Bakinski”mizə görə yalnız təəssüflənmək qalır.
Əflatun Amaşov