Prezident İlham Əliyev iyunun 7-də Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
RePost.Az-ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlət başçısına ətraflı məlumat verib.
Qeyd olunub ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb.
Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.
Qeyd edək ki, stansiyada təmir işlərinə başlanılması, ilk növbədə, eskalatorların dəyişdirilməsi zərurətindən irəli gəlmişdi. Bakı Metropoliteninin 1967-ci il noyabrın 6-da istifadəyə verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesinin dayandırılması qaçılmaz idi. Stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış, yaxud köhnəlmiş avadanlıq və digər infrastrukturunun yenilənməsi də lazım gəlirdi. Stansiyada genişmiqyaslı yenidənqurma işlərinə 2017-ci ilin avqust ayından start verildi.
Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.
Dövlət başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış olub. Bildirilib ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.
Bakı Metropoliteninin hər bir stansiyası memarlıq üslubu ilə də seçilir. Özünəməxsus görünüşü olan “Sahil” stansiyasında platformanın orta salonun sonunda əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Bütün divar boyu həkk olunmuş kompozisiya mükəmməlliyi ilə diqqəti çəkir. Bundan başqa, pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılması və digər yeni elementlər stansiyanın memarlıq ansamblını zənginləşdirir.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş Dövlət Proqramına əsasən Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə aparılır. Dövlət başçısına məlumat verilib ki, hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə "Xətai" stansiyasında köhnə eskalatorların dəyişdirilməsi, eləcə də metropolitenin digər stansiya və stansiya yollarında yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulub.
“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan prezident tapşırıq və tövsiyələrini verib.
RePost.Az