Türkiyədə 39 nəfərin həyatına son qoyan terror hadisənin yeni görüntüləri yayılıb.
RePost.Az-ın məlumatına görə, videokadrlardan görünür ki, bir nəfər silahlı şəxs “Reina” gecə klubunun girişində dayanan mühafizəçilərə avtomatdan atəş açır.
Daha sonra silahlı terrorçu gecə klubuna daxil olur. Videoda diqqət çəkən məqamlardan biri budur ki, terrorçu “Şaxta baba”nın paltarında deyil. Lakin silahlı basqının baş verdiyi ilk saatlardan KİV-də terrorçunun “Şaxta baba”nın paltarında olması ilə bağlı xəbərlər yayıldı.
Daha sonra Türkiyənin baş naziri Binəli Yıldırım bu faktı təkzib etdi. Türkiyənin daxili işlər naziri Süleyman Soylunun son açıqlamasına görə, terror aktı nəticəsində 39 nəfər həyatını itirib, 69 nəfər isə yaralanıb.
Xəstəxanaya yerləşdirilən yaralılardan 4-nün vəziyyətinin çox ağır olduğu bildirilir. Bu səbəbdən ölü sayının artacağı istisna edilmir. Onu da bildirək ki, terrorçu hadisə yerindən qaçmağı bacarıb. Hazırda onun tapılması istiqamətində polis əməliyyat keçirir.