Gəncə şəhərinin güllələnmiş icra başçısı Elmar Vəliyevin əməliyyatı üçün Türkiyədən məşhur həkim dəvət olunub.
 
RePost.Az xəbər verir ki, türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilib və xüsusi təyyarə ilə Gəncəyə gətirilib.
 
Professor Türker Kılıç dünən Elmar Vəliyevi əməliyyat edib. Hazırda icra başçısının səhhətinin normal olduğu bildirilir.
 
Professor Türker Kılıçın Gəncəyə dəvət edildiyini onun çalışdığı Bahçeşehir Universitetindən də təsdiqləyiblər. Hətta bunun sübutu kimi Türker Kılıçın Kərəm Həsənov, Elmar Vəliyevin qardaşı – Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevlə dünən çəkdirdiyi şəkli də təqdim edilib.
 
Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
 
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.
 
Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.
 
RePost.Az

Baxış sayı: 4853 | Tarix: 05.07.2018
Bizi Telegramda izləyin: @repostaz