İyulun 3-ü və iyulun 4-də elektrik enerjisinin verilişində fasilə yaranması günün əsas müzakirə mövzusudur. Hadisə dərhal Azərbaycan prezidentinin nəzarətinə götürüldü, ölkə başçısı qəzanın səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılması barədə sərəncam imzaladı. Dünən isə ölkə başçısının yanında komissiyanın iclası keçirildi. Prezident baş vermiş hadisənin ciddi araşdırılması, həmçinin, günahkarların cəzalandırılması barədə bir daha tapşırıq verdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, enerji sahəsində yaranmış fasilə ölkə iqtisadiyyatına ciddi zərər vurub, əhali bu hadisədən əziyyət çəkib, ölkənin enerji infrastrukturu zərər görüb.
Enerji qəzası müəssisələrinin fəaliyyətində problemlər yaradıb
Elektrik təchizatı sistemində baş vermiş fasilə ilə əlaqədar bir sıra dövlət müəssisələrinin fəaliyyətində də problemlər yaranıb. SOCAR üzrə hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanıb. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə, görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib. Bununla belə, katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir.
Azərbaycandakı elektrik kəsintisi sənaye müəssisələrinin də işinə təsir edib. Enerji fasiləsi bank sektoruna ciddi təsir etməsə də, bəzi problemlər yaradıb. Belə ki, bankların bəzi xidmət şəbəkələrində generatorlar normadan artıq işlədiyi üçün isinib və fəaliyyətində müəyyən fasilələr yaranıb, qısaqapanma və ya ups avadanlıqlarının elektrik enerjisinin tükənməsi, eləcə də şəbəkə problemi ilə əlaqədar bəzi xidmət bölmələri və bankomatların iş rejimində fasilələr yaranıb, az sayda ups avadanlığı, kompüter avadanlıqları sıradan çıxıb və yararsız hala düşüb.
Qəza iqtisadiyyata 100 milyonlarla manat zərər vurub
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı alim Vüqar Bayramov da hesab edir ki, elektrik enerjisi təchizatında problem iki gün ərzində müşahidə edildiyindən dəymiş ziyanın miqyası böyükdür. Onun fikrincə, baş vermiş qəza əhaliyə, sahibkarlara və bütövlükdə Azərbaycan iqtisadiyyatına mənfi təsirini göstərib. Ekspert dəymiş ziyanın dəqiq müəyyənləşdirilməsi üçün rəsmi şəkildə biznes strukturları, iş adamları və əhali arasında xüsusi sorğu keçirilməsini vacib sayır: "Çünki, bir tərəfdən nəqliyyatda dayanmalar baş verib, elektrik enerjisindən istifadə edən real sektor da fəaliyyətini davam etdirə bilməyib. Su daxil olmaqla, digər kommunal xidmətlərin verilməsində fasilələr yaranıb. Nəticədə iqtisadiyyatın demək olar ki, bütün sektorlarına enerjinin verilməməsinin mənfi təsirləri olub. Hesab edirəm ki, dəymiş ziyanla bağlı məsələdə söhbət kifayət qədər böyük məbləğdən gedir. İlkin qiymətləndirmələr göstərir ki, real sektor, biznes və nəqliyyat sektoru da daxil olmaqla, hətta kommunal xidmətlərin verilməsi nəzərə alınsa, dəymiş zərər 100 milyonlarla manat təşkil edə bilər".
"Azərenerji"nin zərəri 6 dəfə artıb
"Fəaliyyəti" və yaxud fəaliyyətsizliyi nəticəsində ölkə iqtisadiyyatına zərər vuran "Azərenerji" ASC-nin maliyyə göstəriciləri də ürəkaçan deyil. “Azərenerji”nin rəsmi rəqəmlərinə diqqət yetirsək, qurumun enerji satışından əldə etdiyi gəlirlər kifayət qədər böyükdür. Yalnız 2017-ci ildə "Azərenerji" enerji satışından 1 milyard manatdan artıq gəlir əldə edib. 2016-cı il ilə müqayisədə ötən il qurumun enerji satışından gəlirləri 200 mln. manatdan çox artıb. Buna rəğmən 2016-cı illə müqayisədə ötən il “Azərenerji”nin zərəri 6 dəfə artıb. Əgər 2016-cı ildə “Azərenerji”nin zərəri 108 milyon 928 min manat idisə, 2017-ci ildə bu rəqəm 602 milyon 873 min manata qədər yüksəlib.
Vüqar Bayramov deyir ki, 2017-ci ilin nəticələrinə görə qurumun 1 milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var: "Eləcə də ticarət və digər kredit üzrə borcu nəzərə alsaq, əlavə olaraq 470 milyon manat “Azərenerji”nin borcu var. Bəzi borcların qaytarılmasında da böyük problemlər var. Eyni zamanda, “Azərenerji”nin aktivləri və passivlərinə nəzərə yetirsək, qurumun cəmi kapitalı 1 milyard manatdan bir az artıqdır ".
Enerji sektoruna çox böyük investisiyalar qoyulub
Son 14 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının enerjiyə getdikcə artan tələbatının ödənilməsi üçün bu sahəyə ardıcıl şəkildə böyük həcmlərdə investisiyalar yönəldilib. 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə ümumi generasiya gücü 2500 meqavata çatan 30 elektrik stansiyası tikilib. 2006-cı ildə Cənub bölgəsində 87 MVt gücündə Astara elektrik stansiyası, 87 MVt gücündə Şəki elektrik stansiyası, Xaçmaz elektrik stansiyası (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə "Şahdağ" elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə "Şəmkirçay" su elektrik stansiyasının, 780 MVt gücündə "Cənub" elektrik stansiyasının, 25 MVt gücündə "Taxtakörpü" su elektrik stansiyasının tikintisi başa çatıb.
2017-ci ildə "Pirallahı" günəş elektrik stansiyası, "Balakən-1" kiçik su elektrik stansiyası, "Çiçəkli" kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib, bundan başqa Yevlax rayonu ərazisində altmış il əvvəl inşa olunmuş Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb. Yenidənqurma nəticəsində stansiya 18 MVt qoyuluş gücünə çatdırılıb.
Beləliklə, hazırda respublikada ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.
Təkcə ötən il 500 kV-lik "Abşeron" yarımstansiyasında 3 ədəd 133 MVA gücündə avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb. 220 kV-lik 7-ci "Abşeron" hava xəttində 2 ədəd tutum gərginlik transformatoru quraşdırılıb. 10 kV-lik II bölmə avadanlıqları-avtotransformatorun və 2 saylı 630 kVA-lıq xüsusi sərfiyyat transformatorunun 10 kV-lik yağ açarları vakuum açarlı yuvalarla, gərginlik transformatorunun yuvası isə yenisi ilə əvəz olunub. 330 kV-lik "Gəncə" YS-də 1 saylı 200 MVA-lik avtotransformator əsaslı təmir olunub, 1 saylı 200 MVA avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb, 2 saylı 250 MVA-lik avtotransformatorun 110 kV-lik cərəyan transformatoru yenisi ilə əvəz olunub. 330 kV "Ağstafa" YS-də 110 kV-lik 1-ci "Ağstafa" HX-nin I, II sistem şinlərində şin ayırıcıları yeniləri ilə əvəz edilib, 330 kV I, II və dolayı şin sistemində izolyatorlar yenilənib, 330 kV-lik 3-cü "Ağstafa" hava xətlərinin boşaldıcıları yeni tipli boşaldıcı ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 220 kV-lik "Səngəçal", "Hövsan" YS-lərdə şin ayırıcıları, dolayı eleqaz açarları, boşaldıcılar və digər avadanlıqlar yenilənib.
Bu da Mingəçevir
2017-ci ildə Mingəçevir SES-də 110 kV-lik yarımstansiyalarda yeni açıq paylayıcı qurğunun tikintisi ilə əlaqədar, 110 kV-lik 1-ci və 2-ci "Gəncə", 1-ci və 2-ci "Yevlax", 1-ci və 2-ci "Şəhər" hava xətlərinin trasında anker və aralıq dayaqlar quraşdırılıb, 220 kV-lik 2-ci "Ağdaş" hava xəttinin Turyançay vadisindən keçən hissəsində hava xəttinin 2,5 km hissəsi yeni əraziyə köçürülüb. Eyni zamanda, 220 kV-lik ikidövrəli "Şimal ES - Zabrat YS" və "Şimal ES - Hövsan YS" hava xətlərinin tikintisi layihəsi üzrə tikinti işləri başa çatdırılıb, 110 kV-lik 3-cü, 4-cü "Ağdaş" hava xətlərinin tikintisi tamamlanıb və hava xətləri şəbəkəyə qoşulub.
2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyası bu il istifadəyə verilib.
Bunlar hamısı, "Azərenerji" ASC-nin bu illər ərzində yaydığı, mediada dərc olunmuş rəsmi məlumatlardır.
“Azərenerji” keyfiyyətə fikir verməyib
Vüqar Bayramovun fikrincə, Mingəçevirdə baş verən hadisə ondan xəbər verir ki, texniki baxımdan “Azərenerji”nin stansiyalarının modernləşdirilməsi baş tutmayıb və nəticə etibarı ilə qısa zamanda sıradan çıxma riski var. Mütəxəssislər hesab edir ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda baş verən qəza digər enerji qurğularında və elektrik stansiyalarında fəaliyyətin dayanmasına səbəb olmamalı idi. Ekspertlər bütün enerji sisteminin çökməsini istifadə edilən avadanlıqların köhnə olması ilə izah edir.
"Bu gün Mingəçevir İstilik Elektrik Stansiyasındakı texnologiya və orada istifadə edilən avadanlıqların bir qismi Sovet dövründə istifadə edilən avadanlıqlardır. Praktiki olaraq, bu gün istilik elektrik stansiyalarında daha çox Avropa Birliyində istehsal edilən avadanlıqlardan istifadə olunmalıdır. Ancaq çox təəssüf, aparılan monitorinqlər göstərir ki, yenə də “Azərenerji” köhnə istehsallı avadanlıqlara üstünlük verir. Bəzi hallarda isə avadanlıqların amortizasiyası nəzərə alınmaqla təmiri həyata keçirilir. Ancaq Sovet dövründə istehsal edilən avadanlığı nə qədər təmir etsən də, o müasir standartlara cavab verməyəcək. Məncə, problem ondan ibarətdir ki, texnologiyanın təkmilləşdirilməsi və yeni texnologiyanın gətirilməsi ilə bağlı ciddi problemlər var. Əslində, müşavirədə də qeyd edildi ki, kifayət qədər böyük vəsaitlər ayrılıb. Amma bu gün “Azərenerji”nin istifadə etdiyi avadanlıqlar müasir standartlara cavab vermir. Təbii ki, bu da birbaşa olaraq onunla bağlıdır ki, “Azərenerji” müasir avadanlıqları deyil, daha çox qiyməti nisbətən ucuz olan, ancaq keyfiyyəti heç də yüksək olmayan, keçmiş SSRİ-də istifadə edilən avadanlıqlara üstünlük verir. Bu səbəbdən də qəzadan sonra onu bərpa etməyə çalışsalar da, avadanlıq müasir olmadığına və müasir texnologiyadan istifadə edilmədiyinə görə yenidən qəza baş verib", - deyə V.Bayramov vurğulayıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirilib ki, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə qüsurlar göstərilib və onların təcili aradan qaldırılması tələb olunub. Həmçinin o da məlum olub ki, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb, 6 mazut çəninin su ilə soyutma sistemi, ümumiyyətlə, quraşdırılmayıb.
Bundan başqa, ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub. Bundan başqa, 1994-cü ildə işlənilən müvafiq layihəyə əsasən Mingəçevir su anbarının altından kanalın çəkilməsi təmin edilməyib. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb. Baş prokuror Zakir Qaralov qeyd edib ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb: “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmayıb. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmayıb, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmayıb. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnib”.
Elektrik stansiyasında baş vermiş qəzanın lokallaşmaması, bütövlükdə energetika sistemini çökdürməsi ilə bağlı mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb.
Hadisənin baş vermə səbəbi və dəymiş ziyanın həcmi Prezident İlham Əliyevin sərəncamı ilə enerji sistemindəki qəza ilə əlaqədar yaradılan Dövlət Komissiyasının rəyində öz əksini tapacaq.//APA/
RePost.Az