Bugün xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovun doğum günüdür.
 
RePost.Az xəbər verir ki, sənət dostu, əməkdar artist Hicran Nəsirova aktyorla bağlı xatirələrini Yenicag.az-a bölüşüb:
 
“Telman olduqca şux, həyatsevər bir insan idi, heç vaxt ölüm barədə düşünməzdi. Zarafatcıl insan idi. Biz tamaşa oynayanda pərdə arxasında dayanıb bizi güldürürdü. Amma qəribədir ki, bu cür pozitiv insan çox kövrək idi. Doğum günlərində həmişə gözləri dolurdu. Anası dünyasını dəyişmişdi. Həmişə ondan danışanda ağlayırdı. Onun yanında ana barədə mahnı oxuyan kimi gözünün yaşını sel kimi tökərdi. Xəstəliyini vaxtında özünə desəydilər, heç ölüm onu vaxtsız aparmazdı. Həkimlərdə günah olub. ”Evləri köndələn yar” tamaşasının ikinci hissəsi çəkilirdi. Aeroport yolunda çəkilişimiz oldu. Telman maşın sürürdü, mən də yanında oturmuşdum. Dedi ki, Hicran qolum çox ağrıyır. Dedim get həkimə, özünü yoxlatdır. Dedi getmişəm, həkimlər “osteoxondroz” diaqnozu qoyublar. Dedim əşşi, nə “osteoxondroz”, yəqin ürəyində problem var. İnfarkt da keçiribmiş. Təsəvvür edin, infarkt keçirən adamı “osteoxondroz” diaqnozu ilə massaj ediblər. Demək ki, onu həkimlər öldürdülər”.
 
Aktrisa onun toydan gələndən sonra, gecəyarısı həyatla vidalaşdığını xatırlayıb:
 
“Həmin gün toydan gəlib, keçib yerində uzanıb. Qızı mətbəxə keçəndə atasının otağında xırıldadığını görüb. Yaxınlaşıb, həkim çağırıblar, amma gec olub. Ölüm ona heç yaraşmırdı. Çox dostcanlı adam idi. İşdə kiminsə problemi olanda qabağa düşüb həll edirdi. Vaxtsız ölümü ilə dostlarını da yandırıb yaxdı”.
 
RePost.Az

Baxış sayı: 4853 | Tarix: 17.07.2018
Bizi Telegramda izləyin: @repostaz