Deputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü. Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi.
 
Həmin vaxt istər deputat E.Axundova, istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər. Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.
 
Amma bu açıqlamadan bir müddət sonra H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib: "… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirirəm. Əgər onun yanında olsaydım, Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm”.
 
Ortada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını…
 
Ancaq deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.
 
Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Ancaq hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.
 
Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb. "AzPolitika.info” xəbər verir ki, H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər…
 
Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib … Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...
 
Sanki insanları ələ salırmış kimi, "Bakıda deyirlər "krizisdir”,  dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur” deyə lağlağı şəkildə bildirir. 
 
Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür… 
 
Deputat oğlunun internetdə  yayılmış görüntülərini  təqdim edirik:
 


Baxış sayı: 4853 | Tarix: 24.07.2018
Bizi Telegramda izləyin: @repostaz