Gəncə şəhər İcra hakimiyyəti başçısı Elmar Vəliyevin qətlinə hansı dairələrdən sifariş verildiyi artıq hər kəsə məlumdur.
 
Sui-qəsdin baş verdiyi saatlarda qatilin kimliyi, qətlin motivləri və tərikçinin arxa plandakı əlaqələri ilə bağlı aydınlıq olmasa da, bu yöndə üzə çıxan suallar cavabsız qalmadı.
 
Yunis Səfərovun terror törətdiyi bəlli olduğu kimi, onun radikal dini qruplaşmaya daxil olması da öz təsdiqini tapdı. Doğrusu, Yunis Səfərova döyüş təlimi keçən dairələr bütün bunları heç gizlətmədilər də! Xaricdən idarə olunan və üzvlərinin çoxu Azərbaycan vətəndaşlığını itirərək qonşu ölkələrdə yaşayan bir qrup radikal dindar 2015-ci ildən bəri görüntülü şəkildə yaydıqları xəbərdarlıqları yenidən tirajladılar. Hansı ki, həmin dəstə həmin videolarda Gəncənin icra başçısının qətlinə açıq çağırışlar etmişdi.
 
Hadisədən dərhal sonra Nur-az.com, Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com kimi saytlar, “Hüseyniyyun” adı verilmiş Facebook səhifəsi, 2017-ci ilin fevralından başlayaraq Youtube kanalı üzərindən əsasən rus dilində dini motivli verilişlərlə çıxış edən və Rusiyada qurulmuş “Ar-rad TV”, “Ru-clip.ru” kimi internet televiziyaları və digər resursların dilləri əməlli-başlı açılmışdı. Onlar əhalimizi silahlı üsyana çağırır, “Yunis hərəkatı”na dəstək olmağa səsləyir, eyni “qəhrəmanlığı”n digər şəhərlərdə də təkrarlanması üçün təbliğat aparırdılar.
 
Əgər xatırlayırsınızsa, Yunis Səfərovun xanımının öz terrorçu əri haqında “imam qisasçısı” obrazı yaratmağa hesablanmış açıqlamaları da elə “Ar-rad TV” vasitəsilə yayımlanmışdı.
 
İndi həmin kanalda estefat “ilahiyyatçı alim” kimi təqdim edilən Orxan Məmmədov adlı birinə ötürülüb.
 
Kimdir bu Orxan Məmmədov deyə qısa bir araşdırma apardıq və məlum oldu ki, ara-sıra dini kəlamlara müraciət etməklə “siyasi analizlər” verməyə çalışan və sözünün canı Azərbaycan vətəndaşlarını öz dövlətlərinə qarşı çıxmağa təhrik etmək olan bu bəndeyi-həqir Qumda təhsil alıb, “hicab müdafiəçisi” kimi sekulyar sistemimizin əleyhinə fəallıq göstərib, 2000-ci illərin ikinci yarısından etibarən o, bir neçə dəfə polis tərəfindən saxlanılıb. Bir neçə il öncə isə daimi yaşayış yeri kimi İranı seçib və tez-tez Rusiyaya səfərlər edir. Əldə etdiyimiz məlumatlara görə, Rusiyada yaşayan və əsasən Azərbaycan əyalətlərindən çıxmış dindar gənclər arasında “İslam inqilabı” ideyalarını yaymaqla məşğul olan dəstənin fəallarındandır.
 
O, son çıxışında səsləndirdiyi mülahizələrlə “xüsusi” istedad sahibi olduğunu ortaya qoyub. Məsələn, iddia edir ki, guya Azərbaycanda Gəncə hadisələri ilə bağlı aralarında qadınlar da olmaqla 300-ə yaxın şəxs məhkəməsiz həbsə edilib, 30-dək adam öldürülüb. “Baş verənlər” fonunda emosiyalarına hakim olmayan “teoloq-politoloq” bu “həbslərlə” Ermənistan əsrilyinə düşən azərbaycanlılar arasında paralellər də aparır. İctimai rəyə sırımaq istədiyi cəfəngiyyatlara davam edən Məmmədov iddia edir ki, merə qarşı sui-qəsddən sonra hüquq mühafizə orqanlarının rəhbərləri Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən xüsusi toplantıya dəvət edilib və orada onlara “yetişən dindar kütlə”ni necə zərərsizləşdirməli olduqları barədə təlimatlar verilib.
 
Görünür, yaşadığı ölkələrdə istənilən vaxt peyk çanaqlarının, sosial şəbəkələrin, internetin qadağan edilməsi O. Məmmədovu Azərbaycan reallığı haqqında dürüst məlumat almaq imkanından məhrum edir. Əks halda, keçirilmiş əməliyyatlar barədə hüquq mühafizə orqanları mütəmadi olaraq açıqlamalar yayır və ictimaiyyət məlumatlandırılır. Azərbaycan kimi kiçik, internet və sosial şəbəkələrin açıq olduğu ölkələrdə yüzlərlə şəxsin həbs edilməsini gizlin saxlamaq mümkün deyil.
 
İddianın ikinci tərəfinə gəlincə, bilirik ki, qonşu ölkələrin bəzilərində konstitusion hakimiyyət bölgüsü deyil, hansısa şəhərin axundu, dini rəhbərin nümayəndəsi və ya müşaviri anlaşılmaz iyerarxiya pilləsində üstdə dura və güc strukturlarını idarə edə bilir. Azərbaycanda konstitusiya ilə tənzimlənən hakimiyyət bölgüsü var və güc strukturlarını idarə etmək hər hansı köməkçinin, müşavirin, axundun, dini və ya siyasi nümayəndənin səlahiyyətləri xaricindədir.
 
Ermənistan əsirliyi ilə bağlı paralellərə gəlincə, görünür qum “inqilab əsgərləri”nin gözünü o qədər örtüb ki, o əsirlərin istismar edilməsində təhsil aldıqları ölkənin necə iyrəncliklə iştirak etməsini görə bilmirlər. Əgər yaddaşları da köhnəlibsə, təzələyək:
 
Tomas de Vaalın “Qara bağ” kitabında əsirlərə sökdürülən Ağdam evlərinin tikinti avadanlıqlarını İrana daşınmasından bəhs olunur. Müəllifi ən çox təəccübləndirən isə iranlıların işğal olunmuş torpaqlarımızdan qızılgül ləçəyi yığdırması olmuşdu. Sən demə əsirlərimizin bu zəhməti onlara mürəbbə sənayesini inkişaf etdirmək üçün lazımmış. İndi İranın hansısa fondları avadanlıqlarını söküb daşdıqları Şuşa və Ağdam məscidlərin “fars mədəniyyəti nümunələri” kimi bərpa edir, əsirlərin yığıb göndərdiyi qızılgül ləçəyi ilə çay içib peysər bağlayan O. Məmmədovları isə efirə çıxarıb üstümüzə qısqırdır.
 
“Ar-Rad”ın bərbad siyasətşünasının üzv olduğu yuxarıda sözünü etdiyimiz qrupun təşviqi ilə Rusiyaya əmək miqrantı kimi getmiş azərbaycanlıların bəziləri tora salınıb və Suriya döyüşlərinə cəlb olunub. Böyük ehtimalla, bu proses vaxtı İran və Rusiyanın Suriya məsələsində mövqeləri üst- üstə düşdüyündən belə “verbovka”lara şimalda da göz yumulubmuş. Son nəticədə aydın olan budur ki, Cənubun açıq dəstəyi, Şimalın isə razılığa bərabər sükutu özünü “əhli beyt aşiqi” elan etmiş terror təbliğatçılarının həvəsini daha da artırır. İstər “Ar-Rad TV”-də Orxan Məmmədovun, istərsə də “Hüseyniyyun” səhifəsində Tohid İbrahimbəylinin Azərbaycan dövlətinə meydan oxuması, “xalqın yiyəsi bizik” mesajları belə təşviqin ifadəsi sayılmalıdır. Lakin həvəsləri qursaqlarında qalır və qalacaq da!
 
Televiziyanın adı Qurandakı “Ər-Rəəd” (göy gurultusu) surəsinin adından götürülüb. Lakin çıxışçılar bu adı hərfən tətbiq edərək Azərbaycan dövlətçiliyinə qarşı gurultu çıxarmaqla məşğuldurlar. İranda və Rusiyada dövlət əleyhinə çıxışlar – o cümlədən Şimali Qafqaz, Bəlucistan, Əhvaz çıxışları, dərviş iğtişaşları hansı qətiyyətlə alınırsa Azərbaycan dövləti də üstümüzə guruldayan radikallarını səsini qətiyyətlə almağa qadirdir və alır. Dövlətin müvafiq qurumlarının həyat keçirdiyi əməliyyatlardan yayılan görüntülər gurultuya aldananları hansı aqibət gözlədiyini nümayiş etdirdi.
 
Hər kəs bilməlidir ki, Azərbaycan dövləti və xalqının yiyəsi özüdür, xarici dəstələrin və mərkəzlərin dövlətimizə natamam təhsilli, psixi pozuntulu muzdurların vasitəsilə təzyiq etmək cəhdləri istisnasız olaraq puça çıxarılacaq.(Anews)
 
RePost.Az

Baxış sayı: 4378 | Tarix: 29.07.2018
Bizi Telegramda izləyin: @repostaz