Almaniya Federativ Cumhuriyyətinin Federal kansleri Angela Merkel avqustun 25-də Azərbaycan Cumhuriyyətinə səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Almaniyanın kansleri Angela Merkeli hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın federal kansleri Angela Merkeli qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın federal kanslerinə raport verib. Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamlayıb. Almaniya Federativ Cumhuriyyətinin və Azərbaycan Cumhuriyyətinin dövlət himnləri səsləndirilib. Azərbaycan Cumhuriyyətinin dövlət və hökumət nümayəndələri federal kansler Angela Merkelə, Almaniya Federativ Cumhuriyyətinin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Almaniyanın federal kansleri Angela Merkelin qarşısından keçib.
Azərbaycan prezidenti və Almaniyanın federal kansleri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Cumhuriyyətinin prezidenti İlham Əliyevin və Almaniya Federativ Cumhuriyyətinin federal kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Azərbaycan prezidenti və Almaniyanın federal kansleri görüşdə çıxış ediblər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Cumhuriyyətinin prezidenti İlham Əliyevin və Almaniya Federativ Cumhuriyyətinin federal kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub. Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından Almaniyanın federal kansleri Angela Merkelin şərəfinə nahar verilib.
Daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Cumhuriyyətinin Prezidenti İlham Əliyevin və Almaniya Federativ Cumhuriyyətinin Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.
RePost,Az